Adil Nağıyev: "Hər kəsə sübut edəcəm ki, mənim haqda düşündükləri səhv idi" MÜSAHİBƏ

00:04 - 6 Sentyabr 2016

21 yaşlılardan ibarət milli komandamızın və "Zirə"nin üzvü Adil Nağıyev Sportal.az-a müsahibə verib.

 

Həmin müsahibəni diqqətinizə çatdırırıq:

 

- 21 yaşlılardan ibarət milli komandanın heyətindən niyə kənarlaşdırıldın?

- Hazırki durumum və oyunum baş məşqçini qane etmədi. Biz də danışdıq, bir-birimizi başa düşdük və milli komandanın düşərgəsindən ayrıldım. Məni başa düşdüyü üçün baş məşqçiyə təşəkkür edirəm.

 

- Baş məşqçini durumunun qane etməməsinin səbəbi nədir?

-  Əsas səbəb oyun praktikasından əziyyət çəkməyimdir. “Zirə”də ehtiyatda qalıram.

 

- Mövsüm başlayandan “Zirə”də əsas heyətə düşə bilmirsən. Bu nə ilə bağlıdır?

- Hələ 3 tur keçib. Qarşıda uzun marafon var. 3 tur ehtiyatda qalmaqla mövsüm bitmir. Baş məşqçimizin fikrinə hörmətlə yanaşıram. Ümid edirəm ki, mənə də şans veriləcək və mən də bu şansdan istifadə edib yenidən əsas heyətə qayıdacam. Buna inanıram.

 

- Ötən mövsüm sənin üçün uğurlu oldu. Əsas milliyə də dəvət almışdın. Bundan sonra isə sanki karyeranda düşüş müşahidə olunur. Arxayınlıqdan deyil ki bu?

- Xeyr. Mən heç vaxt arxayınlaşmıram. Hər zaman öz üzərimdə çalışıram. Məşqimi edib, öz şansımı gözləyirəm. Məşqçilərimiz mənə inanır. Onların etimadını doğrultmağa çalışacam. Bu il mənim üçün ötən ildən də uğurlu olacaq.

 

- İndi “Zirə”nin düşərgəsindəsən?

- Bəli. Komanda ilə birlikdə məşqlərə qoşulmuşam. Hər şey yaxşıdır.

 

- Növbəti turun hazırlıqları necə gedir?

- Məşqlərdə səylə çalışırıq. Bizi “Kəpəz”lə çətin oyun gözləyir. Hər kəs məşqçinin verdiyi tapşırıqları maksimum yerinə yetirməyə çalışır. “Kəpəz”lə matça qələbə üçün çıxacağıq. İnşallah Gəncə səfərindən 3 xalla qayıdarıq.

 

- Premyer Liqada yaranmış bir aylıq fasilə klublara necə təsir edir?

- Məncə bunun heç bir pis təsiri yoxdur. Daha çox çalışmaq üçün vaxt olur. Bu müddət ərzində çatışmazlıqların, problemlərin üzərində işləmək olur.

 

-“ Zirə”də iki legioner mərkəz müdafiəçisi var. Onlarla rəqabət aparmaq çətin deyil?

- Mən heç vaxt mübarizədən və rəqabətdən qorxmamışam. Xarakterim belədir. Sona kimi də mübarizə aparacam. Futbol mübarizələri sevir. Kim layiq olsa əsas heyətdə olacaq.

 

- Millidən kənarlaşdırılmağın səni ruhdan salmır?

- Xeyr, əksinə bu mənə yaxşı mənada təsiredəcək. Daha çox çalışmağım lazımdır. Hər kəsə sübut edəcəm ki, mənim haqda düşündükləri səhv idi.

 

- “Zirə”nin bu mövsüm hədəfi nədir?

- Keçən ilki nəticəni təkrarlamağa çalışmalıyıq. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.

 

Elçin Əli Xan

Xəbər xətti