"Neftçi"nin sabiq qolkiperi və "ağ-qaralar"ın futbol akademiyasında məşqçi kimi çalışmış Hüseyn Məhəmmədov Sportal.az saytına müsahibə verib.
- “Neftçi” tarixinin ən ağır günlərini yaşayır…
- Bu mənim üçün də sevindirici hal deyil. "Neftçi"nin bu vəziyyətə düşməsinin səbəbi klubu idarə edənlərin gördüyü işin nəticəsidir. Onların fəaliyyətinin nəticəsi göz qabağındadır. Düzgün iş aparılmadığını, düzgün insanların orada olmadığını hər kəs çox gözəl anlayır. Mən heç vaxt istəmərəm ki, "Neftçi" belə duruma düşsün. Mən də uzun illər bu klubun şərəfini qorumuşam, ona görə də mən çox pis təsir edir. Transfer edilən futbolçular "Neftçi"yə layiq deyil. Əgər yaxşı transferlər olsaydı, "Neftçi" bu duruma düşməzdi. Komandada gənc, yerli futbolçular da var. Lakin "Qəbələ" ilə müqayisə etdikdə "Neftçi"nin legionerləri çox zəifdir. Transferləri kim edib, bu barədə məlumatım yoxdur, amma onu bilirəm ki, baş məşqçinin, Müşahidə Şurasının bundan xəbəri var. Bu gün yaranmış vəziyyətin də səbəbkarı onlardır.
- Transferlərin yanlış olduğundan danışdız. Santini də heyətə yeni cəlb olunub. Bir qapıçı kimi siz yaxşı bilərsiz, buraxılan qollarda Santininin səhvləri var idi..
- Mən əsasən bu mövqeyə baxıram. Çünki özüm də qapıçı olmuşam. Santini "Neftçi"yə layiq qapıçı deyil. Elə legioner gətirməkdənsə yerli futbolçulara şans verilsə daha yaxşı olar.
- Yeni transferlər "Neftçi"yə layiqdir?
- Əlbəttə, onların heç biri layiq deyil. Onların bir neçə oyununa baxdım. Oyunlarına baxandan sonra bilmək olur ki, onların heç biri "Neftçi"də oynayacaq səviyyədə deyil. Sadəcə adi futbolçulardır. Mübarizə aparan, liderlik edə biləcək oyunçular deyil.
- Neftçi"nin bu acınacaqlı durumdan çıxması üçün nə lazımdır?
- Yəqin ki, özləri qərarlar qəbul edəcəklər. "Neftçi"yə yeni nəfəs lazımdır. Mütləq islahatlar olmalıdır. Komandanın bu vəziyyətə düşməsinin səbəbi hazırki rəhbərliyin fəaliyyətidir. Müşahidə Şurasının yəqin ki, qərar verə biləcək
- "Neftçi"ni bu vəziyyətə gətirənlər cəzalarını alacaq?
- Rəhbərlik müzakirə edib mütləq bu barədə tədbirlər görməlidir. "Neftçi" mənim üçün, hər bir azərbaycalı futbolsevər üçün flaqmandır. Biz istəmirik ki, komandamız bu günə düşsün.