Oqtay Abdullayev "Neftçi"nin yeni baş məşqçisinə qiymət verdi: "Elxan Abdullayev yaxşı, bacarıqlı məşqçidi"

11:39 - 15 Sentyabr 2016

“Qəbələ”yə biabırçı məğlubiyyətdən sonra “Neftçi”də islahatlar başladı. Uğursuzluğun əsas səbəbkarları Elnur Məmmədov, Mübariz Xudiyev, Vəli Qasımov üçlüyü klubdan qovuldu. Artıq yeni təyinatlar da açıqlanıb. Təbii ki, indiki durumda ən böyük yük baş məşqçi vəzifəsinə gətirilən Elxan Abdullayevin üzərinə düşəcək. O, olduqca çətin durumda “Neftçi”ni yenidən ayağa qaldırmalıdır.

 

Elxan Abdullayevin təyinatı ilə bağlı Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən Oqtay bəy Elxan Abdullayevə inandığını dedi:

 

“Elxan Abdullayev kifayət qədər məşqçilik təcrübəsi olan, azərbaycanlı məşqçilər arasında PRO kateqoriyası alan ilk mütəxəssisdi. Hələ 2003-cü ildə “Dinamo”nu çalışdırıb. Sonradan “Qarabağ” və AZAL-da baş məşqçi olub. Milli komandada müxtəlif dönəmlərdə həm Torresin, həm də Foqtsun köməkçisi olub. İndi də milli komandanın məşqçilər korpusunda yer alır. Mən hesab eləyirəm ki, Çingiz Abdullayev çox doğru qərar verib Elxan Abdullayevi baş məşqçi postuna gətirməklə. Elxan Abdullayev yaxşı, bacarıqlı məşqçidi. O, “Neftçi”də bunu sübut edəcək. Azarkeşlərə də səslənmək istəyirəm ki, “Neftçi”yə dəstək olsunlar. İslahatlar oldu, sağlam qüvvələr gəldi kluba. Dəstək olmaq lazımdır ki, “Neftçi” bu çətin durumdan çıxsın”. 

Xəbər xətti