Araz Abdullayev: "Kim gözləyərdi ki, 5 dəqiqəyə 2 qol buraxaq?" MÜSAHİBƏ

01:12 - 19 Sentyabr 2016

Azərabycan Premyer Liqasının V turu çərçivəsində baş tutan "İnter" - "Neftçi" (2-1) matçından sonra qonaqların kapitanı Araz Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az gənc futbolçunun müsahibəsini təqdim edir:
 
- Araz, bu məğlubiyyəti 8:0-la müqayisə etmək olar?
- Bir dəqiqə. Qardaşımsan, normal suallar verin də. Oyun haqqında suallar verin də...
 
- 8:0-dan sonra bu oyuna hazırlaşmaq necə idi?
- Düzdü, çətin idi. Amma heyəti yenidən toparlaya bildik. Bildiyiniz kimi, komandamızda da bir sıra dəyişikliklər oldu. Hiss edirəm ki, bu komanda daha yaxşı təsir bağışlaya bilər. "İnter”ə qarşı oyunumuz pis alınmadı. Bundan əvvəlki oyunlarda komanda şəkilində çox dağınıq oynayırdıq. Bu gün göstərdik ki, qələbə qazana bilərik. Məğlub olduq. Amma gələcək oyunlara ümid var. Fikirləşirəm ki, belə davam etsək, növbəti turlarda lazımi nəticəni qazana bilərik. 
 
- Komandanın dağınıq olmasını dedin. Səncə, Vəli Qasımov komandanı yığa bilmirdi?
- Belə deyək, komanda uğursuzluq yaşayır və "qara zolaq”a düşür. Komanda bu dəfə keçmiş oyunlarından daha yaxşı oynadı. 
 
- Ancaq turnir cədvəlində aşağı pillələrə yuvarlanırsız...
- Xalları boş-boşuna xərcləməməliyik. Bacardığımız qədər xallar toplamalıyıq. Amma futbolda belə nəticələr olur. Kim gözləyərdi ki, 5 dəqiqəyə 2 qol buraxaq? 
 
- Sənin imkanların çox genişdi, amma son ötürməni verməkdə çətinlik çəkirsən...
- Qətiyyən belə düşünmürəm. Mən sırf olaraq komanda üçün çalışıram. Fikrim kollektivə köməklik etməkdi.
 
- 1:0-dan sonra nə oldu ki, iki qol buraxdınız?
- Biz də məğlub olmaq istəmirdik. Ehtiyat oyunçular skamiyamız da müəyyən qədər geniş deyil. Ümid edirəm ki, gələcəkdə yaxşı olacaq.
 
- Komandanın fiziki hazırlıq baxımından əziyyət çəkdiyini düşünmürsən?
- Çempionata yaxşı başlamasaq da, toparlanmağa çalışırıq. Düşünmürəm ki, bizim fiziki durumumuz zəifdi. Kapitan olaraq komandanın potensialına güvənirəm. Bilirəm ki, gələcək oyunlarda potensialımızı daha da yüksəldəcəyik.

Xəbər xətti