"Vəli Qasımovun sözlərinə şərh verə bilmərəm" MÜSAHİBƏ

13:20 - 19 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının 5-ci turunda “İnter”ə 1:2 hesabı ilə uduzan “Neftçi”nin futbolçusu Dario Melnyak oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir

 

- Son dəqiqələrdə qələbəni əldən verdiniz...
- Qarışıq hisslər keçirirəm. Əvvəlki oyunlarla müqayisədə daha yaxşı çıxış etsək də, bu dəfə bəxtimiz gətirmədi. Ən vacibi odu ki, ilk dəqiqədən final fitinə qədər komanda şəklində oynadıq.
 
- Keçmiş baş məşqçiniz Vəli Qasımov bildirib ki, mən komandanın başında olsaydım, “Qəbələ”yə 0:8 hesabı ilə uduzmazdıq. Hətta həmin görüşdə bilərəkdən belə hesabla məğlub olduğunuzu iddia edənlər də var...
- Həmin görüşdə bütün oyunçuların gözlərinə baxırdım və görürdüm ki, hamısı bacardığını ortaya qoymağa çalışır. Bəzən bəxt gətirmir, bəzən də oyunlar bizim istədiyimiz kimi keçmir. O ki qaldı Vəli Qasımovun sözlərinə, buna şərh verə bilmərəm. Çünki bilmək olmaz Vəli Qasımovla nəticə necə olardı. Oyun oldu, keçdi, nəticə də göz önündədi. Fikrimcə, həmin məğlubiyyətdə problem məşqçi deyildi.
 
- “İnter”lə görüşdə kollektiv oyun göstərdiniz. Bəs bundan əvvəl sizə nə mane olurdu?
- Bu suala cavab verməyə söz tapa bilmirəm. Bir neçə səbəb ola bilər. Artıq yeni baş məşqçimiz var. Bəlkə də, ona görə bir-birimizə daha bağlı oynayırıq, bir-birimizi daha yaxşı hiss edirik.
 
- Məğlubiyyətə əsas səbəb kimi müdafiə xəttindəki boşluqları göstərmək olarmı?

- Qollar səhvlər nəticəsində vurulur. Hesabı açandan sonra yenə şanslarımız oldu, istifadə edə bilmədik. Deyə bilmərəm ki, buraxılan iki qola görə kim günahkardı. Amma onu bilirəm ki, irəli baxmalı, qarşıdakı matçları düşünməliyik. Bu oyundan isə dərs almalıyıq.
 
- “Neftçi” hazırda turnir cədvəlinin “zirzəmi”sindədir. Bundan sonra nəyə ümid edirsiniz və azarkeşlərə nə vəd verə bilərsiniz?

- Bilirəm ki, hər məğlubiyyətdən sonra bunu həzm etmək azarkeşlərə çətin olur. Ancaq bizim üçün ikiqat, üçqat çətindi. Mən sadəcə, söz verə bilərəm ki, bacardığımızı ortaya qoyacağıq. Əlimizdən nə gəlirsə, onu edəcəyik ki, nəticələrimiz yaxşılaşsın. Amma həyatda elə şeylər olur ki, sən hər şeyi etsən də, alınmır. Həyatda da, idmanda da belə hallar olur.

 

Xəbər xətti