"Şəmkir"in baş məşqçisi Qəhrəman Əliyev klubun mətbuat xidmətinə müsahibə verib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis komandanın hazırki durumundan və gələcək planlarından danışıb.
- Sizin üçün tanış bir klubun, “Şəmkir”in sükanı arxasına keçdiniz. Yeni işinizlə bağlı nə deyə bilərsiniz?
- Doğru qeyd etdiniz, Şəmkir mənim üçün yad klub deyil. Bu komanda ilə Azərbaycan çempionu olmuşam. Yenidən bu klubda olmaqdan məmnunam. Komandada hər şeyi demək olar ki, sıfırdan başladıq. Bəzi təcrübəli futbolçuları dəvət etdik, bir çox işləri yenidən qurduq. “Şəmkir”də vəziyyət çox yaxşıdır. Bizim üçün hər şey edirlər ki, komandanın əvvəlki gücünü geri qaytaraq. Biz də əlimizdən gələni edəcəyik ki, etimadı doğruldaq.
- Klubun prezidenti Elvin Səfərli çox gəncdir. Rəhbərlik sizə lazım olan dəstəyi göstərirmi?
- Bəli, gənc olsa da, işinin peşəkarı və futbolu sevən biridir. Komandanın uğur qazanması üçün bütün gücü ilə çalışır. “Şəmkir” üçün nə lazımdırsa, köməklik göstərir. Klub rəhbərinin də əsas məqsədi, “Şəmkir” klubunu Avropada tanıtmaqdır. Onun Avropada olan əlaqələri bizim gələcəkdə Avropa klubları ilə təcrübə alış-verişinə şərait yaradacaqdır. Binci dövrənin sonunda Avropada sayılıb-seçilən klubların təcrübəsindən istifadə edəcəyik. Bu sahədə artıq bəzi addımlar da atılıb. Bir çox Avropa klubları ilə danışıqlarımız gedir. Klub prezidenti eyni zamanda “Qalatasaray”ın Azərbaycandakı rəsmi nümayəndəsidir. Planlarımız arasında gələcəkdə “Qalatasaray”la da sıx əlaqələr qurmaqdır.
- Komandaya yeni gələn futbolçular necə, sizcə etimadı doğruldacaqlar?
- İnanıram ki, onlardan gözləntilərimizi layiqincə yerinə yetirəcəklər. Mən futbolçularıma çox güvənirəm. Belə olmasaydı onlar bu gün bizimlə olmazdılar.
- Futbolçular necə özlərinə güvənirlər?
- Təbii ki, onların meydanda istəkli olması, özlərini göstərməyə çalışması futbolçularımın iddialı olduqlarından xəbər verir.
- Bir çox təcrübəli futbolçuları da “Şəmkir”ə cəlb etdiniz.
- Çünki məqsədimiz 1-ci divizionun qalibi olub, Premyer Liqaya yüksəlməkdir. Bu gün tək kulb rəhbərliyi deyil, bütün “Şəmkir” azarkeşləri bizdən uğur qazanmağı və doğma klublarının əvvəlki qüdrətini geri qaytarmağı azrzulayır. Təcrübəli Elşən, Ruslan Poladov qardaşları və bir çox qabiliyyətli gənc futbolçularımız var. Onların komandamıza yararlı olacaqlarına inanıram.
- Bəs bölgədə necə, əvvəlki futbol sevgisi qalmaqdadır?
- Burada futbolu çox sevirlər. İmkan daxilində bütün oyunlarımıza gəlirlər. Hətta bəzən səfər matçlarında da onları görürəm. Bu da mənə əlavə həvəs verir. Çünki komandanın əsas dayaqlarından biri azarkeşlərdir. Biz futbolu onlar üçün oynayırıq. Azarkeşlərin sevgisini də cavabsız qoymayacağıq. Öz gözəl oyunlarımızla onların könlünü xoş etməyə çalışacağıq.
- Ümumiyyətlə gələcək planlara nə daxildir?
- Qeyd etdiyim kimi, əsas məqsədimiz “Şəmkir”i Azərbaycan futboluna geri qaytarmaqdır. Çünki çempionatımızda nə qədər güclü klublar olsa, bir o qədər futbolumuz üçün faydalı olar. Həm bu klubun tarixi hamıya məlumdur. Bu tarix vərəqlərdə qalmamalıdır.
- Bu qədər iddialısınız?
- İstənilən sahədə qarşınıza məqsəd qoymasanız, uğur qazana bilməzsiniz. Biz də 1-ci Divizionda ancaq çempionluq üçün oynayacağıq.
- Amma rəqibləriniz də yerində saymır. Artıq 1-ci Divizionda heyətini gücləndirmiş klublar çoxdur və hər biri Premyer Liqaya çıxmaq uğrunda oynayacaq. Mübarizədən çəkinmirsiniz?
- Biz hər oyuna qələbə üçün çıxacağıq. İstənilən rəqibə layiqli müqavimət göstərib, 3 xal qazanmağa çalışacağı. Bizim üçün zəif rəqib yoxdur. Hər bir klubun öz startegiyası var. Futbolçularımın qarşısında duran əsas vəzifə hər bir rəqibə ciddi yanaşıb, meydandan qələbə ilə ayrılmaqdır.
- Planlarınıza çatmaq üçün heyətə yenə futbolçular cəlb edəcəksiniz?
- Komandanı ilk götürəndə vaxtımız az idi deyə tam istədiyimiz heyəti qura bilmədik. Amma bu çatışmamazlıqlar çoxdur demək deyil. Fasilədən sonra heyətimizi daha da gücləndirəcəyik.
- Əsasən hansı mövqedə futbolçuya ehtiyacınız var?
- Komandaya istənilən mövqedə ən yaxşıları cəlb etməyə çalışırıq. Hazırda demək olar ki, bütün mövqelərdə futbolçularımız etimadı doğruldur. Amma heç bir klubda baş məşqçi daha yaxşıya yox deməz. Ona görə də klubda bu işlə məşğul olanlar dayanmadan çalışır ki, heyətimiz daha zəngin olsun. Düzdür, hazırda transfer pəncərəsi bağlandığı üçün çətindir, amma biz axtarışlarımıza davam edirik. Azad agent statusu olan planlarımıza uyğun futbolçu olsa komandaya dəvət edəcəyik.
- Son iki turdan sonra komandanız haqda son qənaətiniz nədir?
- Düşünürəm ki, belə istəkli gənclərlə istədiyimizə nail olacağıq.