Çingiz Abdullayev "Neftçi"nin əvəzedicilərini "gözə gətirdi" QEYD

11:09 - 22 Sentyabr 2016

Hər zaman çempionluqlar uğrunda mübarizə aparan, ölkənin ən köklü klubu “Neftçi”ni autsayder durumuna düşürüblər, “Neftçi” çempionatda xala “güllə atır”. Yeni gələnlərin üzərinə çox böyük məsuliyyət düşür. Elnur Məmmədov Sadıq Sadıqov dönəminin lider komandasına gəlmişdisə, özündən sonra indikilərə “ölü komanda” qoyub gedib.

 

Çox çətin durumdu. Yeni rəhbərlik komandanı düzəltməklə yanaşı, həm də Müşahidə Şurasının sədri Çingiz Abdullayevə danışmağı da öyrətməlidir. Abdullayev az qala dünya miqyasında tanınmış yazıçı olsa da, futbol barədə dediyi hər bir cümlə məzxərəyə çevrilir. Dayanmadan deyir ki, “Neftçi” ötən mövsüm qarşıya qoyulan məqsədlərə çatıb. Nəymiş bu məqsədlər? Avrokuboklara vəsiqə qazanmaq və kubokun finalına çıxmaq.

 

Xahiş edirik, Çingiz bəyə izah edin ki, “Neftçi” ötən mövsüm  avrokuboklara çıxmaq tapşırığının öhdəsindən gəlməyib. Sadəcə birdən-birə iki klubun (“Zirə” və “İnter”) müxtəlif səbəblərdən həmin hüquqdan məhrum olması “Neftçi”nin başqalarının yerinə bu turnirdə iştirakını təmin eləyib. Digər məqsəd kubokun finalına çıxmaq imiş. Xahiş edirik, onu da izah edin ki, kubokun finalına çıxmaq ilk növbədə “Neftçi” kimi böyük, lap elə ən kiçik klubumuz üçün də məqsəd ola bilməz! Niyə? Çünki qaydalar dəyişildikdən sonra finalçılar heç bir halda avrokuboklara vəsiqə qazana bilməz. Yəni, məqsəd yalnız kuboku qazanmaq ola bilər, finalçı olmaq özlüyündə heç nəyi dəyişmir. Komanda 1/4-də dayandı, yarımfinalda və ya finalda. Kuboku qazanmırsansa, gerisi heç nəyi dəyişmir.

 

Çingiz Abdullyevin son “kəşflərindən” biri də klubun əvəzedici heyətidir. Mövsüm hələ yeni başlayıb, Abdullayev isə yeri gəldi-gəlmədi deyir ki, əvəzedicilərimiz birinci yerdə gedir. Adam bu sözü o qədər dedi ki, “Neftçi” son turda “İnter”ə məğlub olub liderliyi əldən verdi...

 

Klubda biri ona izah eləsin ki, ilk turlarda liderlik müvəqqəti xarakter də daşıya bilər. Heç olmasa 10-15 tur arxada qalsın, komandaların nəyə qadir olduğuna, hansı yerlər uğrunda mübarizə aparmağına müəyyən mənada aydınlıq gəlsin. Çingiz bəyə məlumat üçün deyək ki, “Neftçi”nin əvəzediciləri ötən mövsümü 4-cü pillədə başa vurub. Bir az səbirli olsun. Mövsüm bitər, o vaxt yekunlar barədə danışar!

 

Həmid

 

 

Xəbər xətti