AZAL Premyer Liqada son mövsümünü keçirir? QEYD

11:45 - 22 Sentyabr 2016

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov sportinfo.az-a açıqlama verib. Deyib, vallah, daha cibimdə artıq pul qalmayıb ki, komandaya xərcləyim. Tərlan bəyin durumunu anlamaq çətin deyil. Ötən mövsüm əzmkarlıq göstərən, ilk turlardakı ardıcıl məğlubiyyətlərdən sonra toparlanan, hətta axır turlara qədər avrokuboklara vəsiqə qazanmaq şanslarını qoruyan AZAL cari mövsüm heç cür oyununu tapa bilmir.

 

Ötən mövsüm alınmışdı, indi isə alınmır, olmur. Maddi təminatsız, səviyyəli futbolçularsız möcüzə yaratmaq çətindir. Həm də çox nadir hallarda uğur ardıcıl iki dəfə təkrarlanır. Belə baxanda, AZAL heç ötən mövsüm də liderlər sırasında olmayıb. Amma liderlərə mübarizə verib. Onu da nəzərə almaq lazımdır ki, AZAL ötən mövsüm 10 komandalı çempionatda 7-ci olmuşdu. Bu mövsüm isə 8 komandalı Liqada mübarizə aparır.

 

AZAL-ın vəziyyəti çox pisdir. Görünən də odur ki, rəhbərlik maliyyə şərtlərini artırmaq, kluba əlavə vəsait ayırmaq niyyətində deyil. Sportal.az-ın əldə etdiyi məlumata görə, AZAL Premyer Liqada son mövsümünü keçirir. Və bu barədə AFFA-ya da xəbər göndərib. Əslində, heç bu mövsüm də oynamaq niyyətləri olmayıb. Lakin komanda azlığından əziyyət çəkən AFFA-nı pis durumda qoymamaq üçün mübarizəyə qatılıblar. AZAL mövsümü sona çatdıracaq. Ancaq böyük ehtimalla, sonuncu yeri tutacaqlar və bu da son olacaq!

 

 

Xəbər xətti