Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçirilən "Neftçi" - "Sumqayıt" matçında bakılılar ardıcıl 5-ci məğlubiyyəti ilə üzləşib - 1:2.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın legioneri Denilson Pereyra əməkdaşımızın suallarını cavablandırıb.
- "Neftçi"yə nə üçün gəlmisən?
- Klubdan təklif gəldi, tarixi haqda maraqlandıqdan sonra razılıq verdim. Çox böyük uğurları olmuş komandadı. Düzdü, hazırda tunir cədvəlinin aşağı pilləsindəyik. Amma mən komandaya fayda vermək üçün buradayam.
- Komandaya köməyin dəyir?
- Əlimdən gələni edirəm. Sadəcə, qol vurmağım çatmışmır. Bir qol vursam, ardı gələcək. Özümə inanıram. Komanda təkcə məndən ibarət deyil. Məndən başqa 10 oyunçu var. Heyətdə yeni futbolçular yer alıb. Zamanla bir-birimizə uyğunlaşmalıyıq.
- "Neftçi"də nə qədər maaş alırsan?
- Bunu açıqlaya bilmərəm.
- Oyunun aldığın maaşa dəyir?
- Siz elə bilirsiz ki, komandam məğlub olub, mən bunu rahat qəbul edirəm? (əsəbiləşir). Ailəmi atıb, Bakıya gəlmişəm. İstəyirəm ki, komandam qələbə qazansın, mən də üzülməyim. Təsəvvür edin ki, sizi xaricə göndəriblər. Uğursuzluqla üzləşsəz, bu, təkcə sizdən asılı olmayacaq. Mən də qələbə qazanmaq istəyirəm. Sadəcə, alınmır.
- Bəs, qələbə qazanmağınız nədən və kimdən asılıdı?
- Meydana çıxan hər bir oyunçudan asılıdı.
- "Neftçi" rəhbərliyi və baş məşqçisi artıq indidən legionerlərin çıxışından narazılığını bildirib. Bunu nəzərə alaraq, indidən özünə yeni iş yeri axtarırsan?
- Burada qalıb-qalmayacağımı deyə bilmərəm. Amma çalışacam ki, öz oyunumla komandada qalmağı haqq edim. Son qərarı isə siz dediyiniz şəxslər verəcək.