Adətən rekordlar gerçəkləşdirməyinə öyrəşdiyimiz “Neftçi” indi antirekordlarla diqqət çəkir. Ardıcıl 5 məğlubiyyət... “Neftçi” tarixi ərzində hələ heç vaxt belə aciz, köməksiz duruma düşməmişdi. “Sumqayıt”la 6-cı turdakı oyun dönüş nöqtəsi ola bilərdi. Demək olar ki, bütün “Neftçi”lilər buna inanırdı. Amma yenə alınmadı.
Elxan Abdullayev “Neftçi”yə gələn kimi komandanın oyun sxeminə əl gəzdirdi. Həm “İnter”, həm də “Sumqayıt”la matçlarda oyuna daha çox diqtə edən tərəf “Neftçi” idi. Amma ümumi hazırlığın qaydasında olmaması, legionerlərin orta səviyyədən də aşağı futbolçular olması, onsuz da qəliz olan vəziyyəti daha da qəlizləşdirir. Əslində, “Neftçi” “İnter”lə oyunda ən azı 1 xala layiq idi. Elə “Sumqayıt”a da məğlub olmalı deyildilər. Amma müdafiədəki boşluqlar üzündən bu dəfə də xala həsrət qaldılar.
Elxan Abdullayev çox çətin tənliyin həllini tapmalıdır. Bu qədər əcnəbi gətirilib “Neftçi”yə, amma yenə bütün ümidlər yerlilərədi. Araz, Cavid, Rəhman həm öz, həm də əcnəbilərin yükünü daşımasa, bu vəziyyətdən çıxmaq çətin olacaq. Legionerlərin arasında Denilson Pereyra digərlərindən daha yaxşı görsənir. Lakin indiki xaotik durumda heç kim bir-birindən ciddi şəkildə fərqlənmir.
“Neftçi”nin idarəetmə strukturunda edilən son dəyişiklər zamanı atılan ən doğru addım İslam Abbasovun komandanın meneceri vəzifəsinə gətirilməsi oldu. Bu sahədə böyük iş təcrübəsinə malik olan İslam bəyin “Neftçi”yə xeyri dəyə bilər. Sadəcə qış fasiləsinə qədər xal ehtiyatını normallaşdırıb yeni transferlər etmək lazımdır. İndikilərlə heç Masazıra da getmək olmur...
Sportal.az
saytlarin hazirlanmasi