Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qəbələ” Almaniyanın “Maynts” klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Komandamızda problem yoxdur. 2 oyunçumuz oynamayacaq. Kvekveskiri və Teo Uiks məlum səbəblərdən oyunu buraxacaq. Özümüzə inanırıq və şanslarımız var. Bu şanslarımızdan istifadə etməyə çalışacağıq.
- Düşünmürsünüz ki, “Maynts” sabah 2-ci heyətlə mübarizə aparacaq?
- “Maynts” çox güclüdür. Düşünmürəm ki, onlar bizə qarşı 2-ci heyətlə çıxsınlar. Xatırlayırsınızsa, ötən il “Borussiya” bizə qarşı keçirdiyi hər iki oyunda əsas heyətlə mübarizə aparmışdı.
- Meydanın mərkəzindəki problemlərdən söz açdınız. Belə boşluqları necə doldurmaq fikrindəsiniz? Ümumiyyətlə, Franyiç sabahkı oyunda sizə necə kömək edə bilər?
- Alternativ variantlarımız var. Ancaq Franyiç mərkəz müdafiəçisi deyil. O, cinahda oynamağı sevən futbolçudu. İşləri isə yaxşı gedir. Ümid edirəm ki, Franyiç bizə kömək etməyi bacaracaq.
- Rəqibin hansı xüsusiyyətlərini qeyd edə bilərsiz?
- Fiziki cəhətdən çox güclü və cəlddirlər. Əks-hücumlarda yaxşı təsir bağışlayırlar. “Maynts”ın müsbət keyfiyyətləri çoxdur.
- “Bakcell Arena”nın ot örtüyü yenidir. Havanın yağışlı olması ot örtüyünü yenidən bərbad hala sala bilər. Buna görə fərqli taktikadan istifadə edə bilərsiz?
- Meydança yenidir. Sabah necə vəziyyətdə olmasını demək indi çox çətindir. Ola bilər ki, bəzi taktiki gedişlərdə dəyişiklik edim.
- “Qəbələ” yerli çempionatda hücum, avrokuboklarda isə müdafiə futbolu oynayır...
- Avropa Liqası Premyer Liqa oyunlarından fərqli keçir. Biz çox dəyişkən komanda deyilik. Bizim fəlsəfəmiz hücum futboludur. Avropa Liqasındakı rəqiblərimiz güclüdürlər və həmişə hücumda oynamağa imkan vermirlər.
- “Maynts”ın hansı futbolçularını xüsusilə qeyd edə bilərsiniz?
- Xüsusilə heç bir oyunçunun adını çəkmək istəmirəm. Rəqibimiz çox güclüdür və yüksək keyfiyyətli futbolçulara sahibdirlər.
- Baqali Daboya xüsusi tapşırıq vermisiz? Sizcə, "Maynts" ona xüsusi nəzarət edəcək?
- Düşünmürəm ki, rəqib komanda Daboya qarşı xüsusi plan cızsın. Biz rəqibi analiz etmişik. Daboya "Maynts"ın boşluqlarını başa salmışıq və işini bilir.
saytlarin hazirlanmasi