Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində baş tutan "Sumqayıt” – AZAL oyunu 1-1 hesablı bərabərliklə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib:
Oyunun sonunda qazandığımız xal qənimətdi. Birinci hissədə bərbad oynadıq. Heç-heçə bizim üçün qənimətdi. Neçənci oyundu ki, ilk dəqiqələrdə qol buraxırıq. Bunun səbəbini bilmirəm. "Neftçi” ilə oyundan sonra yaxşı hazırlaşmışdıq. Sürünə-sürünə olsa da, yolumuza davam edirik. Qazandığımız xalllar bizim üçün hər şey deməkdi.
- "Neftçi”ilə oyunda yaxşı oynamışdınız. Bu gün niyə həmin heyətlə oynamadınız?
- Bu, mənim qərarlarımdı. Ötən oyun Amit Quluzadədən narazı qalmışdım və bu gün onun əvəzində Azər Salahlını oynatmışdım. Bəzi yerlərdə dəyişikliklər etməyə çalışıram və bütün futbolçulardan yararlanmaq istəyirəm.
- Samir müəllim, ilk hissənin 25-ci dəqiqəsindən sonra düşünmürdünüz ki, mən Məhəmməd Qurbanovu niyə meydana buraxmışam?
- Yox belə düşünmürəm. Sadəcə, Məhəmmədin tez formasını bərpa etməsini istəyirəm. Onun yaxşı xüsusiyyətləri var və istəyirəm ki, o, tezliklə komandaya köməklik etsin.
- Bu gün "Sumqayıt” özünə bənzəmirdi. Bunun səbəbi nə idi?
- Çox maraqlı sindromumuz var: Öz gücümüzdə olan rəqbilərlə oynaya bilmirik. Bu, "Rəvan”la oyunlarda da belə olub. Bəlkə də komandamızda yorğunluq var. (Futbol11.az)