Bir vaxtlar milli komandamızın əsas oyunçularından olan, hazırda isə "Vətən" FK-da məşqçi kimi fəaliyyət göstərən Fərrux İsmayılov Sportal.az saytına müsahibə verib.
- San Marino ilə oyun millimiz üçün Norveç və Çexiya ilə oyundan əvvəl nə vəd verdi?
- San Marino ilə oyunu təkrarlasaq, bizim üçün ürəkaçan olmayacaq. Norveç güclü komandadır. Boyları hünürdür və fiziki cəhətdən güclüdürlər. Avropanın əksər komandaları fiziki cəhətdən bizdən güclüdürlər. Standard vəziyyətlərdən qorunmaq lazımdır. Bizim boyumuzun balaca olması atletik futbol oynamağımıza mane olur. Səhvlər etməsək, Norveçlə başabaş oynaya bilərik. Düzdür, futbol səhvsiz olmur. Bizim üçün çətin olacaq. Daha sonra Çexiya qarşısına yeni güc lazımdır. Rəqibin gücü hər kəsə məlumdur. Yalandan deyə bilmərik ki, gedib Çexiyanı məğlub edəcəyik. Bunu deməyin mənası yoxdur. Özümüz-özümüzü aldatmayaq. Hamı istəyir ki, 2 oyundan azı 4 xal qazanaq. Bunu reallaşdırmaq lazımdır. Amma bu, çox çətindir.
- Norveç ilk oyunda Almaniyaya 0:3 hesabı ilə uduzub. Sizcə, onlar bura daha köklənmiş gəlmirlər?
- Bunu düz vurğuladınız. Biz ilk oyunda qalib gəldiyimiz üçün Norveçi də məğlub etmək istəyirik. Norveçin əsas məqsədi qələbədir. Norveçin fikirləşdiyi San Marino və Azərbaycandır. Amma Azərbaycan sürpriz komandadır. Hər tsiklda hansısa güclü rəqibə baş ağrı olmuşuq. İsveçrə, Portuqaliya, Türkiyə, Slovakiya, Serbiya və Çernaqoriya və.s. Çoxlarına problem yaşatmışıq. Norveç də bunu fikirləşib gələcək. Onlar səhvə yol vermək istəmir.
- Milliyə yeni dəvət alan Ramil Şeydayev və Emin Mahmudovla bağlı fikirləriniz necədir?
- Şeydayevi milliyə gətirmişiksə, deməli yaxşıdır. Əgər pisdirsə, o zaman niyə gətrilib? O, San Marino ilə oyunda cəmi 4-5 dəqiqə oynadı. “Trabzonspor”da çıxış edən futbolçu zəif olmaz. Onun praktikası, məşq prosesi bizim futbolçulardan üstündür. Ona inanıb gətirmişik. Dəniz Yılmaz haqda isə nəsə deyə bilmərəm. Çünki zədəlidir. Eminlə Ramilə şans verilməlidir və biz də öz fikirmizi bildirməliyik. Biri Portuqaliyada digəri isə Türkiyədə oynamır, ehtiyatdadırlar, digəri isə aylardır ki, zədədən əziyyət çəkir. Fikir bildirmək çətindir.
- Rauf Əliyev uzun müddətdən sonra milliyə dəvət aldı...
- Neçə oyundur ki, Rauf Əliyevi izləyirəm. Azərbaycanda hazırda hücumçu problemi var. O vaxt Vadim Vasilyev, Qurban Qurbanov, Samir Musayev, Zaur Tağızadə, Samir Əliyev, Zaur Ramazanov və digər hücumçular var idi. Siyahıya çox ad əlavə etmək olar, saymaqla bitmirdi. Amma indi vəziyyət tam fərqlidir. Rauf Əliyev deyəndən sonra fikirləşirsən ki, digər kim var? Ağabala Ramazanov da son zamanlar yaxşı formadadır. Artıq başqa ad tapa bilmirik. Hamısı legionerlərdir. Yerli futbolçulara ya şans verilmir, ya da özləri oynamır. Bir az pul alandan sonra maşın, gəzmək və.s. Gələcək karyeralarını az düşünürlər. Bizim dönəmdə millidə hər şey tam fərqli idi. Heyətə azı 5 hücumçu çağırılırdı. Məşqçi çox çətin seçim qarşısında qalırdı. İndi isə baş məşqçi fikirləşir ki, axı, mən kimi dəvət edim ki, gəlib oynasın? Şəxsən Rauf Əliyevədə öz oyunumu görürəm. Ona baxanda cavanlığımı xatırlayıram. Son zamanlar Əfran İsmayılov da yaxşı formadadır.
- Bu iki oyundan millimiz neçə xal əldə edə biləcək?
- Hamı istəyir ki, 4 xal olsun. Amma bu baş versə, bizim qarşımızda duran olmaz. İstəyirəm ki, burda məğlub olmayaq. Qələbə qazanmaq əla olardı. San Marinoya 1 qol vurmuşuqsa, deməli hücum xəttində problemlər var. Norveçlə oyunda bunu aradan qaldırmaq lazımdır.