DÇ-2018-in seçmə mərhələsində Norveç millisi oktyabrın 8-də Azərbaycanın qonağı olacaq. Komandanın baş məşqçisi Per Matias Hoqmo millimizlə oyun öncəsi norveçli jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan və San Marino ilə oyun barədə nə düşünürsüz?
- İki oyuna 6 xal qazanmaq istəyirik. Hazırda Azərbaycanla oyunu fikirləşirik. Bizim üçün asan olacağını düşünmürəm. Rəqibimiz çətin komandadır.
- Qrupda əsas məqsəd nədir?
- Federasiya qarşımıza qrupu 2-ci pillədə tamamlamaq məqsədi qoyub. Bu, heç də asan olmayacaq. Çətin tapşırığın öhdəsindən gəlməliyik. DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Qarşıdakı 2 oyundan 6 xalla ayrılsaq, bizim üçün çox yaxşı olacaq. Çexiya ilə oyunda isə məğlub olmamalıyıq.
- Norveç Azərbaycanı sonuncu səfər qarşılaşmasında məğlub edib. Bu dəfə mümkün olacaq? Üstəlik, rəqib reytinq cədvəlində aşağılardadır...
- Azərbaycan sürpriz komandadır. AÇ-2016-nın seçmə mərhələsində onları səfərdə məğlub etsək də, öz meydanımızda 0:0 hesablı heç-heçəyə razılaşdıq. Azərbaycanı səfərdə məğlub etmək çox çətindir. Reytinq cədvəli isə bu oyuna təsir etməyəcək. 2 komandadan biri kağız üzərində favorit olur.
- Almaniyaya 0:3 hesablı məğlubiyyətdən sonra futbolçuları bu oyuna kökləmək necədir?
- Futbolçularla da danışmışam. Almaniya qrupun favoritidir. Düzdür, bu hesabla uduzmaq istəməzdik. Amma artıq bu qarşılaşmanı unudub, Azərbaycan və San Marinoya qarşı keçirəcəyimiz matçları düşünməliyik. Bu oyunlardan 6 xalla ayrılmaq mümkündür və məqsədimiz budur.