Bu gün AFFA Klublar Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasdan sonra Klublar Komitəsinin sədri, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov müzakirə olunan məsələlər və qəbul edilən qərarlarla bağlı açıqlama verib:
"Lisenziya ilə bağlı danışdıq. Hələ ki, bu məsələylə bağlı qərar qəbul edilmədi. "Qarabağ" və "Qəbələ"nin təklifi var ki, legioner limiti 7+4 olsun. Bunu gələn iclaslarda müzakirə edəcəyik. Əsasnaməyə görə Premyer Liqadan bir komanda gedib, üç komanda gəlməlidi. Müraciət edəcəyik ki, birinci divizionda 1-2-ci yerlər birbaşa yüksək liqaya vəsiqə qazansın. Aşağı liqada 3-cü olmuş komanda isə Premyer Liqada sonuncu olacaq komandayla pley-off oyunu keçirsin. Bu, iki oyundan ibarət olacaq. Bununla bağlı İcraiyyə Komitəsinə müraciət edəcəyik. Təbii ki, asağı liqada lisenziyaya cavab verən klublar Premyer Liqaya vəsiqə qazanacaq. Bir də U-19 çempionatıyla bağlı müzakirə oldu. "Qəbələ" təklif etdi ki, U-19 liqası üç dövrədən ibarət olsun və ilk 4 pillədə qərarlaşmış komandalar pley-off oyunu keçirsinlər. Bu barədə İcraiyyə Komitəsinə müraciət olunacaq". (komanda.az)