Rəşad Sadıqov: "O jurnalistlər özlərinə qarşı hörmətsizlik ediblər"

20:33 - 7 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisi Norveç yığmasını qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında çıxış edən milli komandamızın kapitanı Rəşad Sadıqov oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb.
 

- İlk ev oyunumuza çıxacağıq. Bizim üçün vacib oyundu. Azarkeşlərin gözləntilərini də bilirik. Bizi gərgin və maraqlı oyun gözləyir. Əvvəlki illərə nisbətən Norveç millisi hücumda indi daha sürətli oynayır. Bu da o deməkdi ki, müdafiədə çətinlik yaşadacaqlar. Ancaq çalışacağıq ki, nəticə bizim üçün yaxşı olsun.


Kapitan Norveçdən gələn jurnalistlərin millimizin mətbuat konfransına maraq göstərməməsi ilə bağlı sualı isə belə cavablandırıb:

 

"Onların burda olmağı bizə maraqlı deyil. Onlar bizi qeyri-ciddiyə ala bilərlər, amma Norveç millisi inanmıram ki, bizə eyni münasibəti göstərsin. Çünki son olaraq bizimlə ev oyunlarında qolsuz bərabərə qalıblar. O jurnalistlər isə özlərinə qarşı hörmətsizlik ediblər. Bizim üçün vacib olan sizsiniz. Sizin olmağınız bizim üçün yetərlidir". 

 

"Fiorentina" ilə oyunda zədələnən Sadıqov sabahkı oyunda iştirak etməyə hazır olduğunu bildirib:

 

"Fiorentina" ilə oyunda zədələnmişdim. Çox şükür ki, zəddə ciddi deyil. Baş məşqçi etimad göstərəcəyi halda oynamağa hazıram. Əlimdən gələni edəcəm ki, komandamıza xeyirim dəysin".

 
Kapitan millinin qrupdakı şanslarını dəyərləndirib:

 

"Qrupdan çıxmağı mənim qədər istəyən yoldu. Çünki, bu, mənim üçün ən yaxşı halda son seçmə mərhələdi. Bəlkə də qrupun ən önəmli oyununa çıxacağıq. Hər şeyi gözəl dərk edirik. Karyeramın sonunda mənim üçün bundan gözəl hədiyyə ola bilməz".

 

Təcrüəbli futbolçu "oyunun gedişində hücumlara qoşula bilərsinizmi?" sualını belə cavablandırıb:

 

"Qarabağ"ın və millinin rəqibləri tam fərqlidir. Qarşı tərəf imkan versə, hücumlarda iştirak edirəm. Millidə də hücumlara qoşuluram. Təbii ki, hər şey oyunun gedişindən aslıdır. Niyə də yox?"

Xəbər xətti