Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində doğma azarkeşləri önündə Norveçi 1-0 hesabı ilə məğlub edib. Oyundan sonra millimizin futbolçusu Kamran Ağayev Sportal.az saytının əməkdaşının da suallarını cavablandırıb:
- Oyunun ən yaxşısı kimi görürsən? Qol vuran futbolçumuzu yoxsa özünü?
- Nə etdim ki? Top buraxmadımsa, bu uğurdu. Bunu hər zaman demişəm ki, top buraxdıqda uğur sayılmır. Uğur odur ki, qələbə qazanasan. Futbol kollektiv idman növüdür. Tək idman növü deyil ki, hər şeyi öz üzərimə götürüm. Hesab edirəm ki, oyun biraz ağır oldu. Nəticə əldə etməkdən ötrü oyun bizi müdafiə oynamağa məcbur etdi. Düşünürəm ki, bizə yaxşı oynamaqdansa, nəticə lazımdır. İnşallah yaxın gələcək də həm oyunumuzu düzəldərik, həm də nəticə əldə edərik.
- Kamran, əlcəyinə nə oldu?
- Əlcəyimə heç nə olmayıb. Sadəcə yaş olduğuna görə əlcək palçıq oldu. Palçığı təmizləmək istəyəndə içi qopdu və mən onu dəyişmək məcburiyyətində qaldım.
- Demək olar ki, əsas iş sənə düşdü?
- İş ümumiyyətlə, 11 nəfərə düşür və hər kəs öz payını götürməlidir. Vuruşmaq lazımdır və bizdə vuruşduq. Əlbəttə belə oyunlarda qapıçıya iş düşür. Nəsə əldə eləməkdən ötrü gərək meydanda öz işini görəsən.
- Kamran, top əlindən çıxdı?
- Top əlimdən çıxmadı, sadəcə meydan amilləri elə idi ki, ayaq üstə durmağa adam çətinlik çəkirdi.
- Meydança kələ-kötür idi?
- Kələ-kötür deyəndə ki, çox yumşaq idi. Yəni hər epizodda ayağımız sürüşürdü. Meydanın ot örtüyü bir az səməni kimi idi. Dünən biz burada məşq etmədik, bizi burdan çıxardılar.
- Kamran topu daxil edəndə biraz ləng hərəkət edirdin…
- Bəzən elə hallar olur ki, oyun səni o cür oynamağa məcbur edir. Təbii ki, məşqçi oyunu, taktikan maket üzərindən göstərir, amma matçda fantaziya sənin öz üzərinə düşür. Oyun qaydalarından, məşqçinin göstərişlərindən çıxmamaq şərti ilə öz oyun fantaziyanı göstərə bilərsən. Oyunun çətinliyi, nəticəyə uyğun olaraq elə oynamağa məcbur edirdi. Ondan da əlavə, meydança amili də təsir göstərirdi. Bəzi vəziyyətlərdə mən topu qırağa vururdum, yəni top ayağımdan qaçırdı.
- Tofiq Bəhrəmov adına Respublika stadionunda rahat idi yoxsa burda?
- Bu futboldur, harda oynayırsan, oyna. Əsas odur ki, xalqının qarşısında oynayırsan, onlar da bizə dəstəkdir.
- Rövnəq Abdullayev mükafatın məbləğini açıqladı yoxsa dedi ki “Çexiyadan qayıdın, iki oyunu bir yerdə söhbət edərik?”
- Mən orada deyildim, düzünü deyim.
- Kamran, bu gün millidə qalib gəldin, amma klubun “Boavişta” Portuqaliya kubokunda məğlub oldu. Bu haqda nə deyə bilərsən?
- Komandam haqqında danışmaq istəmirəm, hal-hazırda millinin heyətindəyəm. İnşallah kluba sağ-salamat qayıtsam, klub haqqında danışarıq. Bugünkü oyuna köklənmişdik.
- Nöbvbəti oyun Çexiya ilə çətin səfər oyunu olacaq. Çexiya necə rəqibdir?
- Çexiyaya sağ-salamat gedib çataq. Kimin necə oynayacağını bilmirik. Əlbəttə, oyun çətin olacaq . Yenə də nəticə əldə etmək üçün vuruşmaq lazımdır. Ən əsas meydançaya çıxan futbolçu özünə arxayın olmamalı, güvənməlidi. İnşallah yaxşı nəticələr əldə edəcəyik.
- Kamran, ikinci qələbə və 6 xal. Qafiyə gedər?
- Lazım olsa gedər (gülür)