Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində doğma azarkeşləri önündə Norveçi 1-0 hesabı ilə məğlub edib. Oyundan sonra millimizə qələbə qazandıran qolun müəllifi olan Maksim Medvedev Sportal.az saytının əməkdaşının da suallarını cavablandırıb:
Çox sevinirik, vacib 3 xalı qazana bildik. Baxmayaraq ki, rəqib Norveç idi. Uşaqlar çox yaxşı vuruşdular. Əlimizdən gələni etdik, özüm də şəxsən sevinirəm ki, qol vurdum. Çalışacağıq bu tempi saxlayaq. Səfərdə çətin oyuna hazırlaşırıq. O oyuna hazırlaşaq sonra Norveçi fikirləşib sevinərik.
- Bu milli karyeranda ilk qolun idi…
- Bəli, ilk qolum idi. Çox sevincliyəm.
- Belə dəstək gözləyirdinizmi?
- Sözün açığı, gözləmirdim. Mən maraqlanmışdım və 3-4 min bilet satılmışdı. Bu qədər camaat hardan gəldi, heç özüm də bilmədim. Amma doğurdan da hiss olunurdu ki, evdə oynayırıq . Azarkeşlərin dəstəyi bizə əlavə güc verirdi və bizdə gücümüzdən daha artığını sərf edərək vuruşurduq.
- Onların futbolçuları oyundan əvvəl asanlıqla qələbə qazanacaqlarını bildirirdilər. Bu, sizdə qıcıq yaradırdımı?
- Qıcıq deyəndə ki, mən elə özüm də dünən mətbuat konfransına gələndə onların bir rəsmisi yaxınlaşıb deyir ki, “Salam, sabah 3 xalı götürüb evə gedəcəyik”. Mən karyeramda ilk dəfə belə bir şey görürəm ki, rəqib komandanın nümayəndəsi belə bir söz desin. Sonda isə onlar əli boş evə getdilər. Fikirləşirəm ki, bir də belə danışmayacaqlar.
- Qol vurduğun epizodda orada nə gəzirdin?
- Səhv etmirəmsə, ya künc zərbəsi id,i ya da qayda pozuntusu var idi. Baş məşqçi demişdi ki, künc zərbələrinə sən gedərsən. Çünki meydanda olanlardan ən hündürlərdən biri mən idim.
- Müdafiənin mərkəzində oyunun istədiyin kimi alındı?
- Yavaş-yavaş öyrəşirəm. Sözün açığı, yalnız millidə son müdafiəçi oynayıram. “Qarabağ”da da o mövqeydə çox az oynayıram. Amma bu gün bəzi problemlərimiz oldu. Məcbur oldum ki, mən oynayım. 100 faiz oyunumu ortaya qoya bilmədim. Baxmayaraq ki, qol vurdum, amma bir şeyi də qeydə almaq lazımdır ki, norveçlilər boyda bizdən hündür idi. Onlarla ikinci mərtəbədə mübarizə aparamaq çətin oldu. Amma Rəşadla da danışdıq, bizim üçün çox önəmli hava topları idi və buna hazır idik. Kamran Ağayev də çıxışlarda əla idi, bunu da qeydə almaq lazımdır.