Milli komandamızın futbolçusu Ağabala Ramazanov DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra Sportal.az saytına müsahibə verib.
- Qələbə qolumuzun ötürməsini sən verdin. Oyun haqda təəssüratlarını bölüşərdin?
- Oyuna çox ciddi hazırlaşmışdıq. Bizim üçün vacib olan üç xalı qazandıq. Bütün komanda olaraq yaxşı mübarizə apardıq.
- Milli komandamız ötürmələrdə səhvlərə yol verirdi...
- Deməzdim ki, çox səhvimiz oldu. Oyunumuz əsasən müdafidə olduğu üçün əks hücuma atılarkən anlaşmazlıq ola bilirdi.
- Stadionun ot örtüyü sizi qane etdi?
- Bərbad deməzdim, ancaq çox yumşaq idi. Dəmir buts geyinsən belə, adam sürüşürdü.
- Öz oyunundan razı qaldın?
- Məncə, müdafiədə komandama çox xeyir verdim.
- Qarşıda Çexiya ilə səfərdə çətin oyun var...
- Çexiya oyununa yaxşı əhval-ruhiyyə ilə gedirik. Çalışacağıq ki, ordan da ən yaxşı nəticə ilə dönək.
- İlk qoldan sonra bir neçə epizodu əldən verdiniz...
- Oyunumuzu müdafiədən qurduğumuz üçün çətin olurdu. Əks hücumda 60 metr məsafə qət edirdik. Rəqibin iki-üç müdafiəçisini tək keçib nəsə etmək lazım idi. Qol vurduğumuz epizodda da Maksimə ötürməni mən verdim. Bizim oyunumuz əks hücum üzərinə qurulmuşdu. Daha çox mənim cinahımdan əks hücuma çıxırdıq deyə, oyun boyu yük mənim üzərimə düşmüşdü.
- Oyundan sonra Rövnəq Abdullayev sizə nə dedi?
- Bizi təbrik etdi və dedi ki, sizə dəstək olmaq üçün Çexiyaya da gələcəm.
- Norveç oyundan öncə bizə yuxarıdan aşağı baxırdı...
- Cavablarını aldılar (gülür)
saytlarin hazirlanmasi