Azərbaycanda uşaq futbolunun təbliğatı istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu dəfə çəkiliş qrupumuz U-13 Liqasının 2-ci turu çərçivəsində keçirilən “Rəvan” - “Neftçi” matçında olub.
Rəşid Tağıyevin rəhbərlik etdiyi “Rəvan” komandası U-13 Liqasının ən yaxşılarından olduğunu yenə təsdiqlədi. Bu dəfə onlar bu yaş qrupunun (2004-cü il təvəllüdlü) son çempionu “Neftçi” ilə üz-üzə gəldi. “Rəvan” oyuna yaxşı başladı və bunun nəticəsi kimi Xəyal Əliyev hesabı açdı. Lakin “Neftçi” fasiləyə qədər hesabı bərabərləşdirdi. İkinci hissədə isə tam üstünlüyə yiyələnən “Rəvan” rəqibin qapısına iki dəfə yol tapdı. Əvvəlcə Sərxan Məmmədov baş zərbəsiylə topu tora göndərdi. Daha sonra isə Xəyal Əliyev özünün ikinci, komandasının üçüncü qolunu vurdu. Onu da vurğulayaq ki, bu matçda Xəyal driblinqləri ilə, Sərxan isə ötürmələri ilə göz oxşadı.
Bu qələbədən sonra xallarının sayını 7-ə çatdıran “Rəvan” ikinci pillədə yer alır. Lider isə aktivində 9 xal olan “İnter”di.
QEYD: Bu layihə heç bir qurum tərəfindən maliyyələşmir. Ölkəmizdə uşaq futbolunun təbliğatı üçün çalışan Sportal.az bu layihəni öz imkanları hesabına həyata keçirir.
U-13 Liqası
3-ci tur
“Rəvan” – “Neftçi” 3:1
saytlarin hazirlanmasi