"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Futbol11.az saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Millinin düşərgəsində olan futbolçularsız hazırlıqlar necə davam edir?
- Normaldı. Amma futbolçuların sayı azdı. Düşündüyümüz kimi, bəzi məşq proseslərini keçə bilmirik. Buna baxmayaraq, çalışırıq ki, futbolçuların hazırlığı tam qaydasında olsun. Bəzi böyük oyunlar keçirik. Məşq xarakterli əvəzedicilərimizlə oynadıq. Sabah da belə bir planımız var.
- 6 gündən sonra "Sumqayıt"la, ardınca PAOK-la qarşılaşacaqsız. Hazırkı durum sizə çətinlik yaratmayacaq?
- Artıq buna öyrəşmişik. Neçə illərdi sıx qrafiklə oynayırdıq. Bunu düşünmədən işlərimizi davam etdirməliyik.
- Milli üzvləri Çexiyaya yollananda təyyarədə nasazlıq yaranıb. Yəqin ki, siz də stress keçirmisiz...
- Açığı, bu barədə günün ikinci yarısına məlumat aldım. Pisi düşünməyək. Əsas odur ki, hər şey qaydasındadı. Mən də bunu köməkçim Elçin Rəhmanovdan öyrənmişəm.
- Millidən söz düşmüşkən, Norveçlə oyunu necə dəyərləndirirsiz? Düşünmürsüz ki, millinin heyəti ancaq Avroliqada çıxış edən komandalarımızın və legioner futbolçulardan təşkil olunmalıdı.
- Heyətlə bağlı mənim nəsə deməyim düzgün çıxmaz. Buna heç ehtiyac da yoxdu. Millimizin yaxşı baş məşqçisi var və futbolçuları gözəl tanıyır. Nəticəyə gəldikdə isə, hamımız buna sevinirik. Dəfələrlə demişəm ki, millinin nəticələri nə qədər yaxşı olsa, ölkədə futbola maraq bir o qədər də çoxalar. Klublar öz yerində, amma milli başqadı. Bu, futbolumuzun inkişafı üçün çox vacibdi. Mən də millimizin oyununu stadionda izlədim. Düşünürəm ki, çox vacib 3 xal qazandıq.
- Maksim Medvedev müdafiənin mərkəzində özünü doğrulda bildi?
- Qapıdan top keçməyibsə, deməli, hər şey qaydasındadı. Buna baxmayaraq, məşqçinin ondan nə tələb etdiyini bilmirəm. Ümumən, çıxışından razı qaldım. Qol vurmağına da çox sevindim.
- Artıq 5 qapıçınız var. Bu, bir komanda üçün çox deyil?
- Niyə? Bu gün Halit Çıtırkı səhər məşqində zədə alıb. İbrahim Şehiç də millinin düşərgəsindədi. Əgər iki qapıçımız zədəli olsa, bu mənada böyük problem yaşaya bilərik. Emil Balayevi komandaya yeni götürdük. Halit də əsasən əvəzedici heyətdə çıxış edir.
- Düşünmək olarmı ki, legioner qapıçılardan birini qışda göndərəcəksiz?
- Biz kimisə göndərmək üçün komandaya qapıçı götürməmişik. Biz əsasən 4 əsas qapıçını düşünək. 2 yerli qapıçı da limitə düşür. Bu da bizim üçün çox vacibdi. Hər zaman oyunlarda yerli qapıçılara ehtiyac olur. Yaşlarına görə bəzi problemləri aradan qaldırırıq. Yəni, hər şey planlaşdırılmış şəkildədi. Kimisə göndərmək niyyətində deyilik.
- Əfran İsmayılovun durumu nə yerdədi?
- Ona 3 həftə demişdilər. Hələ ki, həkim müayinəsindədi. Dünəndən fərdi məqşlərə başlayıb. Yəqin ki, sabahdan qaçışlara başlayacaq. Bir ay onun hazırlığı davam edəcək.
- Klub rəhbəri Abdulbari Gözəl müsahibəsində "Qurban Qurbanov "Qarabağ"da muxtar respublika kimidir" demişdi. Bu açıqlama ilə bağlıı sizin də fikrinizi bilmək maraqlı olardı.
- Gözəl bəy hər deyəndə çıxış etmir. O da düzgün qeyd edib ki, üzərimə düşən vəzifəni yerinə yetirirəm. Məndən asılıdırsa, onu da etməyə çalışıram. Ümumiyyətlə komandada sistem elə qurulub ki, hərə öz üzərinə düşən işi görür. Hərə öz sahəsində çalışır ki, özünü inkişaf etdirib, kluba xeyir versin. Mən də baş məşqçi olaraq bəzi məsələlərə nəzarət edirəm. Şükürlər olsun ki, qalibiyyətdə də, məğlubiyyətdə də rəhbərliklə bir yerdə olmuşuq. Neçə illər məğlubiyyətlərimiz sıralananda mənim yanımda olan Gözəl bəy, rəhbərlik idi.
- Bundan başqa Gözəl bəy sizə istinadən qeyd edib ki, çempionatdakı mübarizə azalıb, klublar zəifləyib. Sizcə, bu rəqibləri qıcıqlandırmaz?
- Hansı tərəfə yozsan, elə çıxacaq. Baxır fikrimi insanlar necə qəbul edir. Dəfələrlə demişəm ki, çempionatımızın səviyyəsi aşağıdı. Bunu qəbul emtəliyik. Hamımız görürük ki, mübarizə azalıb. Ancaq bu o demək deyil ki, "Qarabağ" kimdənsə beşqat üstündü. Ölkədə yaranan böhran klubların büdcəsini aşağı saldı. Futbolçuların transferi azaldı. Əvvəllər tanınmış ölkələrin futbolçuları bura gəlirdi. İstək daha da çoxalırdı. Mənim indiyə kimi klublarımıza yuxarıdan aşağı baxmaq fikrim olmayıb. Hər bir klubumuza hörmətlə yanaşıb, işinə dəyər vermişik.
- Reynaldo gözümə dəymir, haradadı?
- Zədəlidi. Səhər fərdi qaydada məşq edirdi. Həkimlər belə məsləhət görüb. İnanmıram ki, zədəsi ciddi olsun. Sadəcə, bəzi yükləmələrdən sonra belə bir vəziyyət yaranıb.
- Qrup mərhələsindən çıxmaqla bağlı yəqin ki, hesablamalar aparmısız. Taleyimiz PAOK-la oyundan asılıdı?
- Belə deməzdim. Amma həmin oyun böyük rol oynayacaq. Bu barədə ancaq oyundan sonra nəsə demək mümkündür.
- Rəşad Sadıqov Norveçlə oyundan öncə dedi ki, ən yaxşı halda millinin heyətində bu, sonuncu seçmə mərhələmdi. Onu itirməklə nə itirəcəyik?
- Fikrimcə, Rəşadı bu fikirdən daşındırmalıyıq. Karyerasını bitirmək haqda düşünməsin. Bu barədə çox danışılsa, yazılsa, bunlar ona psixoloji baxımdan mənfi təsir edə bilər. Nə qədər gücü varsa, oynamalıdır.
- Qol vuranda əksər hallarda sakit dayanan kapitan, son oyunlarda bunu çılğınlıqla qeyd edir. Bu, sona yaxın xoşbəxtliyin artmasından irəli gəlir?
- Bunu Rəşaddan soruşmusuz? (gülür)
- Xeyr.
- Mən buna ancaq sevinirəm. Emosiyalarını göstərir ki, daha da qalib gəlmək istəyirəm.
- Bəs, özünüz karyeranızı başa vuranda hansı hissləri keçirmişdiz?
- Mən tam futbol karyeramı haşa vurmuşdum. Seçmə mərhələ başa çatdı, mən də getdim.
- Siz də "Niyə də yox?" deyirsizmi?
- Niyə bacarmayaq? Reallıq budur ki, 6 xalımız var. Bu, böyük üstünlükdü və futbolçulara böyük inam verir. Buna inanmaq lazımdı. Futbolda son vaxtlar gözlənilməyən nəticələr qeydə alınır. İstək rəqiblərin gücünü üstəliyir. Son vaxtlar millimizdə belə istək görməmişdim. Çətin olsa da, hamı qalib gəlmək isyəyirdi. İmkanımız varsa, niyə də bundan istifadə etməyək? Buna təsadüf kimi baxmaq lazım deyil.