Millimizi Çexiyada gözləyən təhlükə KİÇİK QEYD

20:20 - 10 Oktyabr 2016

San Marino və Norveç üzərində qələbələr, 2 oyuna 6 xal. Möhtəşəm! Daha bir qələbə Çexiya üzərində qazanılsa, lap əla olardı. Di gəl ki, alınana oxşamır bu iş. Eyforiyaya qapılıb çoxları, həqiqəti gözdən qaçırıblar. Həqiqət isə göründüyü kimi parlaq, şirin deyil, bir qədər acıdı. Hər iki oyunda qələbə qazansaq da, heç birində yaxşı oynamayıb millimiz.

 

Ciddi problemlər sezilir millimizin oyununda. Norveçlə matçda millimiz öz qapısına o qədər sıxılmışdı ki, müdafiədən çıxmaq  qəliz məsələyə çevrilmişdi. Topa nəzarət olduqca aşağı səviyyədəydi, xətlərarası rabitə də eynən. Bir qol vurduğumuz, bir də 63-cü dəqiqədəki hücumumuz müasir futbol şərtlərinə uyğun təşkil olundu. Qalan vaxt ərzində isə oynadığımıza futbol deməyə adamın dili gəlmir. Kortəbii hücumlar, qeyri-dəqiq ötürmələr...

 

Əslində, Norveç də yaxşı oynamırdı. Çexiya isə evdə elə oynamayacaq bizə qarşı. Belə oyunla Çexiya səfərindən nəinki xallar və ya xal gətirmək mümkünsüz görünür, hətta irihesablı məğlubiyyət də ola bilər. Həmin matçda da eyni tərzdə müdafiəyə otursaq, sonu yaxşı heç nə vəd eləmir. Çexlər hücumda daha aqressivdirlər, daha səviyyəlidirlər...

 

San Marino və Norveçlə matçlarda Maksim Medvedevi stoper kimi oynadan Prosineçki məmnunluğunu ifadə eləyib “Qarabağ”lının çıxışından. Lakin xorvat mütəxəssis unutmamalıdır ki, Çexiya nə San Marinodu, nə də Norveç. Maksim oyunçu keyfiyyətlərinə görə müdafiənin mərkəzində oynamağa uyğun gəlmir. Norveçlə yaxşı alındı Maksimin oyunu, ancaq Çexiya ilə oyunda bunun acısını çəkə bilərik.

 

Millimiz Çexiyaya qarşı sistemli futbol nümayiş etdirməlidir. Nə müdafiə, nə də hücum kortəbii olmalıdır. Problemlər çözülməsə, bizi Çexiyada ciddi təhlükə gözləyir.

 

Sportal.az

 

Xəbər xətti