Bir vaxtlar milli komandamızın və "Neftçi"nin əsas oyunçularından olan, hazırda isə "Vətən" FK-da məşqçi kimi fəaliyyət göstərən Fərrux İsmayılov Sportal.az saytına müsahibə verib.
Bir zamanlar “Neftçi”nin şərəfini qorumusan. Komandanın bu vəziyyətə düşməsi sənə necə təsir edir?
- Mən də uzun müddət “Neftçi”də çıxış etmişəm. Bizim dönəmdə belə olmayıb. “Neftçi” ölkəmizin 1 nömrəli klubudur. Bunu balacadan böyüyə hər kəs bilir. Bizim dövrdə axsaqlıq olan kimi tez aradan qaldırlardı. İndi bir söz demək çətindir. Komandanın daxilində nələrin baş verdiyini deyə bilmərik. Orada nə oyunlar gedir, nə işlər aparılır demək çətindir. Tanışlar mənə deyir ki, “Neftçi” yenə uduzdu, 7 dənə vurdular, nə bilim 8 dənə vurdular” və.s. “Neftçi”nin bu nəticələrinə mən də utanıram. Nəsə deməkdə də çətinlik çəkirəm. Deyirəm ki, düzələcək, yəqin problem və başqa məsələlər var. Həqiqətən də bilmirəm.
Ardıcıl məğlubiyyətlərdən sonra “Neftçi” “Kəpəz”i məğlub etdi və tilsimi qırdı. Komandanın oyununda dəyişiklik hiss olunur?
- Düzdür, “Kəpəz”i məğlub etdilər. Mənim üçün də sensasiya oldu. Tadas Simaitis qollarda səhvə yol verdi. Gəncə klubunun da şansları çox oldu. “Kəpəz” çox yaxşı komanadadır. Çoxlu qol fürsətlərini qaçırdılar. Elxan Abdullayevi ilk qələbəyə görə təbrik edirəm və uğurlar arzulayıram. O, böyük yükün altına girib. Qısa müddətdə heç bir məşqçi komandanı düzəldə bilməz. Elxan Abdullayevə də vaxt lazımdır. Bu vəziyyətdə komandanı heç kim götürə bilməzdi. Elxan Abdullayev komandanı düzəldəcək, amma qısa müddətdə yox. Ona vaxt lazımdır. Oyun stilində də artıq dəyişiklik hiss olunur.
“Neftçi”də oynayan futbolçular əksəriyyəti artıq komandanı sıradan klub kimi qəbul edirlər...
- Fikrinizlə razıyam, meydanda elə görünür. Sanki I Divizionda oynayan futbolçudur. Məsuliyyət böyük şeydir. “Neftçi”də oynayan 5-6 futbolçu millinin futbolçusu olmalıdır. Məsuliyyət hiss etsin ki “Neftçi”də oynayıram. Gənc futbolçular öz üzərində işləməlidir. Bütün gözlər “Neftçi”dədir. Futbolçular bunu dərk etməlidir. Legioner üçün bəzən fərqi olmur, “Neftçi”dir, “İnter”dir və ya başqasıdır. Çoxu pul üçün oynayır. Onların xarakteri ilə də yaxından maraqlanıb sonra gətirmək lazımdır. Cavid İmamverdiyev yaxşı futbolçudur. Formasını bərpa etsə, “Neftçi”yə faydalı olacaq. Mahir Şükürovun qayıdışı da yaxşı oldu. Onun da faydası olacaq.
Komandaya cəlb edilən legionerlərlə bağlı nə deyə bilərsiz?
- Yaxşı legioner deyillər, səhvlərə çox yol verirlər. Əsl əcnəbi futbolçular Reynaldo, Almeyda və Muaremdir. Oyunu öz üzərinə götürməyi bacarırlar. Məsuliyyətli oyunçudurlar və qarşılaşmanın gedişatını hər zaman dəyişə bilirlər. Ağır yükü götürməyi bacaranları “Neftçi”də görmürəm. “Neftçi”də olanlar bunu bacarmırlar. Elə birini görmürəm.
Millinin oyunu ilə bağlı yaranmış fasilə “Neftçi” üçün faydalı ola bilər?
- Ola bilər ki, Elxan Abdullayev fasilədən yaxşı yararlanacaq. Ola bilər hansısa boşluqları dolduracaq. Hamımız Elxan müəllimi yaxından tanıyırıq. Millidə də çalışır və savadlı bir mütəxəssis olduğunu bilirik.