İlqar Qurbanov: "Yetər ki, baş məşqçi mənə güvənsin, etimad göstərsin" MÜSAHİBƏ

00:26 - 16 Oktyabr 2016

Premyer Liqanın 7-ci turu çərçivəsində "Qarabağ" doğma meydanda "Sumqayıt"ı 3 - 0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra Ağdam təmsilçisinin futbolçusu İlqar Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az təcrübəli müdafiəçinin müsahibəsini təqdim edir:

 

- Oyun haqda nə deyə bilərsiz?
- Vacib olan qələbə qazanmaq idi. Çünki ötən tur Qəbələdəki oyunda məğlub olmuşduq. “Qəbələ” bizi 6 xal qabaqlayırdı, bu fərqin artmasını istəmirdik. Komanda şəklində yaxşı oynadıq. Birinci qolun vurmaq üçün bir qədər gözləməli olduq. Şanslarımız var idi, amma düzgün istifadə edə bilmirdik. Hesabı açdıqdan sonra bir qədər rahat oynadıq.

 

- Qolun gec vurulması gərginlik yaradırdı?
- İstər-istəməz əsəbləşirdik. Çünki rəqib bizə qarşı qapalı oynayırdı. Müdafiəni yarmaq çətin olurdu. Buna görə də qolu da gec vurduq. Əsas odur ki, öz oyun üslubumuzdan çıxmadıq, imkan düşdükcə, qol vurmağa çalışırdıq. Gec olsa da, məqsədimizə çatdıq.

 

- “Qəbələ”nin “İnter”lə oyunda xal itirməsinin oyununuza təsiri var idi?
- "Qəbələ" xal itirdi? Düzü, oyundan əvvəl xəbərim yox idi. 


- Vurduğunuz qol baxımlı alındı. Həmin anı necə təsvir edə bilərsiniz? 
- Hücuma qoşulmaq mənim üçün rahatdı. Həmin an hiss etdim ki, qol vura bilərəm. Topa yaxşı toxundum və baxımlı qol vurdum.

 

- PAOK-la oyunöncəsi komandanın bir qədər özünə gəldiyini düşünmək olar?
- Qazanılan hər qələbədən sonra komandada əhval-ruhiyyə yaxşı olur. PAOK-la oyunda da belə mübarizə aparsaq, yaxşı nəticə qazanacağıq.

 

- Özünüzü ilk dəqiqəqlərdən meydanda olmağa hazır sayırsınız?
- Bu, baş məşqçinin qərarıdır. Əgər şans verərsə, mən oynamağa hazıram. Birinci və ya ikinci hissədə oynamağımın heç bir fərqi yoxdu, yetər ki, baş məşqçi mənə güvənsin, etimad göstərsin.

 

- PAOK-u analiz etmisinizmi?
- Hələ ki, yox. Çünki bu oyunu düşünürdük.

Xəbər xətti