Azərbaycan Premyer Liqasının VIII turunda "Zirə” öz meydanında "Neftçi”ni 2-0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi”nin yeni transferi Jonas Pesalli jurnalistlərin suallarını cavablandırıb:
- Bu oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, bu oyun bizim üçün çətin olacaq. "Zirə” asan rəqib deyildi. Hər şey bir göz qırpımında baş verdi. Bir oyunçuumuz qırmızı vərəqə aldı, digər epizodda isə qapımızda 11 metrlik cərimə zərbəsi gördük. Bunların hamısı bir anda baş verdi. Nələrin baş verdiyini anlamadıq.
- "Neftçi”nin hazırkı oyununu necə dəyərləndirirsən?
- Gəlməmişdən əvvəl "Neftçi” haqda araşdırmalar aparmışdım. "Neftçi”nin böyük və tarixi klub olduğunu bilirdim. Bunu çox gözəl dərk edirəm. Bura gəlmişəm ki, "Neftçi”yə köməyim dəysin. İstəyirik ki, "Neftçi”ni əvvəlki vaxtlarına qaytaraq.
- Qeyd etdin ki, "Neftçi” tarixi klubdu. Bəs, bugünkü vəziyyətlə maraqlanmısan?
- Bəli, bilirəm. "Neftçi”nin hansı vəziyyətdə olmasından xəbərdaram. Gəlməmişdən əvvəl hara gəldiyimi bilirdim. Rəhbərlik və məşqçilər heyəti yenidi. Hamımız "Neftçi”ni bu vəziyyətdən çıxarmaq üçün çalışırıq.
- "Neftçi” ilə 2,5 aylıq müqavilə imzalamısan. Karyeran ərzində belə halla rastlaşmışdın?
- Karyerama diqqət yetirəndə görünür ki, 5 il Braziliyada, 5 il də Fransada çıxış etmişəm. Bu, mənim karyeramda yenilikdi. Yeni ölkəyə gəlmişəm. Özümü sübut etməyə çalışacam. Burada daha çox qalmaq istəyirəm.
- Belə müqavilə imzalamağa niyə razılıq verdin? Bəlkə bunu çarəsizlikdən etdin...
- Bir daha söyləyirəm ki, "Neftçi”də hər şey yenidən qurulur. Həm də yeni ölkəyə, yeni komandaya gəldim. Bura uyğunlaşmağım zamanla bəlli olacaq. Əlbəttə, hər şey yaxşı olsa, burada qalmaq istəyərəm.
- Yayda niyə klubsuz qalmışdın?
- Son 5 ili Fransada keçirdim. İstəyirdim ki, başqa bir ölkədə çıxış edim. Bir neçə təklifim var idi. Axtardığım klublar arasında qarşıma "Neftçi” çıxdı və müqavilə imzaladım.