Azərbaycan Premyer Liqasının VIII turunda "Zirə” öz meydanında "Neftçi”ni 2-0 hesabı iləməğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi”nin futbolçusu Denilson Pereyra jurnalistlərin suallarını cavablandırıb:
- Oyun niyə belə alındı?
- Nə deyə bilərəm? Çünki komanda kompakt şəkildə oynamadı. İlk dəqiqələrdən oyunda kökləndik, sonradan isə pis çıxış etdik və oyunu ələ ala bilmədik.
- Öz oyunun haqda nə deyə bilərsən?
- Yenə deyirəm, oyuna yaxşı başladıq. Lakin az müddətdən sonra bəzi oyunçular özlərini itirdilər. Bilirsiniz ki, futbol komanda oyunudu və 11 nəfər sona qədər döyüşməlidi. Əgər bir-iki futbolçu yaxşı çıxış etmirsə, deməli,digərlərinin də oyunu alınmayacaq. Məncə, komandamızın oyunu buna görə alınmadı.
- Məşqçi dəyişir, "Neftçi” yenə uduzur. Problemin futbolçularda olduğunu düşünmürsən?
- Bayaq dediyim kimi, futbol komanda oyunudu və 11 nəfər meydanda bacardığı qədər mübarizə aparmalıdı. Əgər bir komanda kollektiv futbol oynamırsa, Qvardiolanı da gətir qoy, nəticə olmayacaq.
- "Neftçi”nin qapısına 11 metrik cərimə zərbəsi və bir qırmızı vərəqə. Hakim idarəçiliyi ilə bağlı nə deyə bilərsən?
- Hakimlik barədə heç nə deyə bilmərəm. Çünki hakimlər oyunu yaxşı idarə etdilər.
- Qarşıdan "Qarabağ”, "Qəbələ” və "İnter”lə oyunlar gəlir. Çətin olmayacaq?
- Futbol səhvlər üzərində qurulub. Qələbə qazanmaq üçün rəqibin səhvindən istifadə etmək lazımdı. Əgər oyunda qol vurdunsa, qələbə qazana bilərsən. Bilmək olmaz ki, bizi "Qarabağ”la necə oyun gözləyir. "Qarabağ” elə səhv edə bilər ki, həmin səhv bizə qələbə qazandıra bilər.