"Neftçi" zövqlə dağıdıldı YAZI

15:01 - 17 Oktyabr 2016

İnanın mənə, bunu etmək olduqca çətindi. Lap çətindi ey. Bunu bacarmaq üçün adamda ağıl, fərasət, təşəbbüskarlıq olmalıdı. Siz elə bilirsiz ki, sökmək, dağıtmaq asandı? Elə düşünürsüzsə, yanılırsız. Çətindi ey, çox çətindi. Özü də xalqın diqqət mərkəzində olan nəyisə sökmək lap çətindi. Xalq nə bilir axı kreativlik, yenilikçilik, yaradıcılıq nədi? Xalq elə bilir ki, sökmək, dağıtmaq mahiyyətcə yaradıcılıqdan uzaq prosesdi. Ona görə də, bu işlə məşğul olanları tənqid edirlər, lab belə desək, söyürlər.

 

Amma nahaq. Bunu başa düşmək üçün gərək xaraktercə yaradıcı, təşəbbüskar olasan. Üstəlik, ağlın, səbrin də olmalıdı. Çətin işdi ey, çox çətin. Gördünüz, “Neftçi”ni necə dağıtdılar? Özü də neçə ilə dağıtdılar. Yox ey, bu işə dünən başlamamışdılar ki. Hələ Hans-Yurgen Gedenin dönəmində “poexali” deyib, girişmişdilər işə. Onda qaragüruh-xalq bu işin başa çatdırılmasına imkan vermədi.

 

Onda bir qədər təcrübəsizlik də olmuşdu. Yoxsa xalqın ağzını bağlamağa nə vardı ki? Səbrlə gözlədilər. Məqam yetişən kimi yenə də başladılar. Bu məsələdə həm də iradə tələb olunur. Axı sökürsənsə, sənə qarşı yenə də təpkilər olacağı məlumdu. İradə lazım idi ey, bu təpkilərə davam gətirsin, yaradıcı söküntünü başa çatdırsın.

 

Bitdi. Xalq yazıçısının, şən və hazırcavabın, pianistin yaradıcı təfəkkürünün mükəmməl vəhdəti işi başa çatdırmağa imkan verdi. “Neftçi”ni dağıtdılar. “Neftçi”ni yaradıcı təfəkkürlə dağıtdılar. Gözəl dağıtdılar ey “xalq komandası”nı. Bu dəfə xalq zövq aldı bu yaradıcı söküntüdən. “Yaradıcılığın sərhəddi olmur” ifadəsi boşuna deyilməyib ki.

 

Bitdi. “Neftçi”ni sökdülər. Sökə-sökə dağıtdılar. Daha gedə bilərsiz. Gedin, şübhəniz olmasın ki, Azərbaycanın futbol tarixində qalacaqsız. Sizi heç vaxt unutmayacaqlar. “Xalq komandası”nı xalqa zövq yaşada-yaşada dağıtmağı bacaranları xalq unutsa da, tarix unutmaz. Bitirdiz, gedin!

 

Natiq Muxatrlı / Komanda.az

 

Xəbər xətti