Premyer Liqada hesabat turunun ən maraqlı qarşılaşmalarından biri Zirədə oldu. Extratime.az saytı bu matçla bağlı təhlili yazı hazırlayıb. Sportal.az maraqlı olduğunu nəzərə alaraq həmin yazını təqdim edir.
Həm “Zirə”, həm də “Neftçi” meydana 4-2-3-1 taktiki sxemi ilə çıxmışdı.
Adil Şükürovun ən diqqətçəkən addımı hücumun sivri ucunda Sezar Meza Kolliyə güvənərək, Nurlan Novruzovu sol cinaha çəkməsi idi.
Elxan Abdullayev isə “Kəpəz”lə görüşlə müqayisədə bu dəfə Cavid İmamverdiyevi ehtiytada saxlayaraq, Rəhman Hacıyevə güvənmişdi. Kamal Qurbanov isə zədəli Məqsəd İsayevi əvəzləmişdi.
Elə oyunun əvvəllərindən hiss olunurdu ki, Adil Şükürov “Neftçi”ni çox yaxşı təhlil edib. “Zirə” futbolçuları kompakt oynayaraq, rəqib futbolçuları çox yaxşı “bağlayır” və sürətli hücumlar qururdular. “Ağ-qaralar” ciddi heç nə edə bilmədiklərindən real qol vəziyyətləti elə onların öz qapıları qarşısında yaranırdı. Açıq-aşkar hiss olunurdu ki, tablodakı 0:0 hesabı uzun müddət davam etməyəcək. Belə də oldu və ardıcıl hücumlardan sonra 43-cü dəqiqədə Yovan Krneta penaltidən hesabı açdı. İkinci hissədə “Neftçi” daha 2 zərbə aldı: Əvvəlcə Rahil Məmmədov meydandan qovuldu, daha sonra Adil Nağıyev 2-ci qolu vurdu. Belə çətin vəziyyətdə Elxan Abdullayev Rəhman Hacıyevi Elvin Bədəlovla, az sonra isə Tərzin Cahangirovu Cavid İmamverdiyevlə əvəzlədi. O, bu dəyişikliklərlə meydanın mərkəzini zəiflətsə də, həm müdafiəni gücləndirməyi, həm də hücumu zəiflətməməyi qərara aldı.
Elxan Abdullayevin bu addımı hücum baxımından lazımi effekti verməsə də (80-ci dəqiqədə yeni transfer Pesallinin Tiranı əvəzləməsi də heç nəyi dəyişmədi), hər halda komandası daha bir qol buraxmadı. Düzdür, bunda “Zirə”lilərin öz oyun sürətlərini xeyli aşağı salmasının da rolu oldu. Yetirmələrinin yorulduğunu başa düşən Adil Şükürov də xüsusi gedişlərə ehtiyac duymayaraq, meydanda çox güc sərf etmiş 2 futbolçunu – Meza Kolli və İqbekoyini əvəzləməklə kifayətləndi.
Samir Vəliyev, futbol eksperti / Extratime.az
saytlarin hazirlanmasi