Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" sabah qrup mərhələsinin III turunda PAOK-u qəbul edəcək.
Sportal.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Yunanıstan təmsilçisi ilə oyundan əvvəl keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib.
"Hamımız oyunun əhəmiyyətli olduğunun fərqindəyik. Yaxşı nəticə əldə etmək üçün ən doğrunu etməyə çalışacağıq. Komanda oyuna hazırdı. Amma bir neçə itkimiz var. Futbolçularla söhbətimiz olub. Rəqibi ətraflı müzakirə etmişik. PAOK-un 4 xalı var, hələ də məğlub olmayıblar".
- "Qarabağ" nəyin sayəsində rəqibini üstələyə bilər?
- Futbol elə bir oyundu ki, məğlubedilməz komanda yoxdu. Hər bir komandanın pik nöqtəsi olur. Bunu nəzərə almışıq. Nə qədər ciddi rəqib olsa da, bizə qələbə daha çox lazımdı. Bütün variantlara əl atacağıq. Qol vurmaq üçün düzünü və tezini etməliyik.
- "Qəbələ"də çıxış etmiş Fakunda Pereyranın indi PAOK-un düşərgəsində olması sizi narahat etmir?
- Önəmi yoxdu desəm, düzgün çıxmaz. Ən azından məşqçi ondan lazımı məlumat əldə edə bilər. Ancaq indi elə bir sistem var ki, rəqib haqda ətraflı məlumat toplaya bilərsən. PAOK-un çalışdırıcısı "Slovan"la oyunumuzu izləyib. Artıq məlumatlıdırlar.
- Rəşadın durumu nə yerdədi?
- 100 faiz bilmirəm, Rəşad oynayacaq, yoxsa yox. Milli komandadan zədəli qayıtmışdı. Təkcə dünən komanda ilə məşq edib. Tam hazır olmasa da, oynama ehtimalı çoxdu. Risk edə bilərəm. Sabaha kimi vaxtımız var. Həkimlərlə danışmalıyıq.
- Oyuna bir gün qalmasına baxmayaraq, cəmi 7 min bilet satılıb. Rəhbərlik transferə pul xərcləyirsə, Qurban Qurbanov uğur üçün gecələr yuxusuz qalırsa, Rəşad Sadıqov zədəli-zədəli oynayırsa, sizcə, azarkeşlər niyə fədakarlıq göstərmir?
- Azarkeşlərdən hər zaman razı qalmışam. Həmişə bizlərlə olublar. Sabaha kimi vaxt çoxdu. Say arta da bilər. Çalışacağıq ki, onları geri qaytaraq və bizlərə daha yaxın olsunlar.
- Stadionun hazırkı durumu sizi qane edir?
- Yüz faiz hazır deyil. Biz meydana ayın sonunda daxil olmalıydıq. Ola bilər ki, sabahkı oyundan sonra da problemlər olsun. Dünən də məşq etmək istəyirdik. Çalışırıq meydançanı qoruyaq. Havadan da çox şey asılı olacaq. Amma çox ciddi problemin olacağını düşünmürəm.
- Sabah meydana iki hücumçu ilə çıxa bilərsizmi?
- Bəzən hücumda 5-6 futbolçumuz olur. Bəzən də sırf 3 hücumçu ilə önə çıxırıq. Sistemdən sistemə fərq var. Əlavə hücumçuları matçın gedişində meydana buraxacağıq.
- Millinin heyətində döyüşkən oyun sərgiləyən "Qarabağ"ın futbolçularını sabah meydanda görə biləcəyik?
- Mən inanmıram ki, bizim komandada döyüşkən ruhu olmayan futbolçular olsun. Oyunçularda bu hiss hər zaman olub. Onlarda idman xarakteri olmasa, nəticə vermək çox çətindi. Millidən qayıdan futbolçular çox inamlıdırlar.
- Elvin Yunuszadəni bağışlamısız?
- Həyatda, yoxsa futbolda? Dünən komanda ilə məqş etdi. Futbolda bağışlamışam, amma həyatda yox. Sabahkı oyunda isə olmayacaq. (Futbol11.az)