“Seçmə mərhələnin sürpriz komandalarından biriyik. Heç kim Azərbaycan yığmasından belə uğurlu start gözləmirdi, amma biz inanırdıq. Heyətdə çoxlu futbolçu dəyişikliyi etdik və bunun vacib olduğunu düşünürdüm”.
Sportal.az xəbər verir ki, bu sözlər milli komandamızın baş məşqçisi Robert Prosineçkiyə məxsusdu. Millimizin uğurlu çıxışından danışan xorvat mütəxəssis komandamızın günü-gündən inkişafa doğru irəlilədiyini vurğulayıb:
“Hər gün inkişaf edirik. Yetirmələrim döyüşkəndirlər, onlar hər top uğrunda mübarizə aparırlar. Kamran Ağayev Portuqaliyada çıxış edir. Rəşad Sadıqov, Maksim Medvedev və Qara Qarayev kimi futbolçular Avropa Liqası kimi turnirdə çıxış edirlər və yaxşı təcrübə qazanıblar. Azərbaycan millisinin yaxşı yarımmüdafiə xətti var. Ruslan Qurbanov San Marino ilə matçda yığmada qol hesabını açmağa müvəffəq oldu. Mən və köməkçilərim istəyirik ki, milli yaxşı oyun göstərsin, heç bir komanda bizi asan şəkildə məğlub etməsin. Kötəklənmək istəmirik”.
Çalışdırıcı bildirib ki, artıq futbolçularda özünəinam yaranıb:
“Artıq özümüzə inanırıq. Futbolçular öz potensiallarına güvənirlər. İndi onlar inanır ki, hər kəsi təəccübləndirmək olar”.
Qeyd edək ki, millimizin DÇ-2018-in seçmə mərhələsində keçirdiyi 3 oyunda 7 xal toplayıb.
saytlarin hazirlanmasi