Azərbaycan Premyer Liqasının X turunda "İnter” öz meydanında "Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra "İnter”in braziliyalı futbolçusu Denis Kruz Silva jurnalistlərin suallarını cavablandırıb:
- Xoşbəxtəm. Erkən qol buraxsaq da, üçünü vura bildik. Qapımızda gördüyümüz qoldan sonra komandaya xüsusi güc gəldi. Hər oyun bizim üçün final oyunudu. Biz həmişə olduğu kimi, bu mövsüm də çempionluq uğrunda mübarizə aparırıq. Əsas rəqiblərimiz olan "Qəbələ” və "Qarabağ”dan geri qalmamağa çalışırıq.
- Ardıcıl heç-heçələrdən sonra komandada enişin yaşandığı düşünülürdü. Nə baş vermişdi?
- Heç-heçə etdiyimiz oyunların səbəbi yaratdığımız qol epizodlarını realizə edə bilməməyimizdi. Demək istəyirəm ki, oyunumuza görə lider komandalardan geri qalmırıq. Sadəcə, qol vurmaq baxımından çətinliklərimiz var idi. Son 3 oyunda qələbə qazana bilməsək də, əsas odur ki, məğlub olmadıq.
- Növbəti turda "Neftçi” ilə qarşılaşacaqsınız. Daha əvvəl də "Neftçi”də oynadığını nəzərə alsaq, oyun sənin üçün xüsusi əhəmiyyət daşıyacaq…
- Mənim üçün bütün oyunlar eynidi. Mən bütün matçlara qələbə əzmi ilə çıxıram. Ola bilər, hər kəs düşünsün ki, 5 il "Neftçi”də oynamışam, bu səbəbdən "Neftçi” ilə qarşılaşma xüsusi seçilir. Həqiqətən də mənim üçün önəmli deyil. Bütün komandalara qarşı, necə oynamışamsa, "Neftçi” ilə matçda da elə çıxış edəcəm. Çünki komandanın qarşısına konkret məqsəd qoyulub.
- Sabiq "Neftçi”li kimi komandanın hazırkı durumu sənə necə təsir edir?
- "Neftçi”nin hazırkı durumuna görə üzgünəm. Orada mənim dostlarım çıxış edir. Bilirik ki, "Neftçi” Azərbaycan üçün ən vacib komandalardan biridi. Həqiqətən də, bu komandanın hazırkı durumu məni narahat edir. Ancaq komandada nə baş verdiyindən xəbərsizəm, çünki komandanın içərisində deyiləm.
- Klubun prezidenti Rəşad Qasımov postundan ayrıldı. Bu, sizə necə təsir edəcək?
- Bu barədə danışmaq çətindi. Rəşad bəyin gedişinin dəqiq səbəbini bilmirəm. Bu gün gəlib dedilər ki, prezident istefa verib. Onun klubda böyük işlər gördüyünü hamı bilir. Nə edək, biz yolumuza davam etməliyik.
saytlarin hazirlanmasi