"Zirə"nin Portuqaliyanın "Vitoriya" (Setubal) klubundan icarəyə götürdüyü 24 yaşlı müdafiəçi Migel Lorenso ölkəsinin mətbuatına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- “Zirə”də işlərin necə gedir?
- “Zirə”nin heyətində bütün oyunlarda iştirak etmişəm. Bu, yaxşı təcrübədir. Yaxşı səviyyədə olmaq üçün məsuliyyətli olmaq lazımdır. Çox çalışıram. Mehriban kollektivimiz var.
- Çempionatın səviyyəsi necədir?
- Əlbəttə, Azərbaycan və Portuqaliya çempionatlarını müqayisə etmək düzgün olmazdı. Lakin bu ölkədə də yaxşı komandalar var. “Qarabağ”, “Qəbələ” və “Neftçi”ni misal gətirə bilərəm. Bizim komandamızın əsas hədəfi avrokuboklara vəsiqə əldə etməkdir”.
- Azərbaycanda yaşayışın qane edir?
- Əlbəttə, Bakı gözəl şəhərdir. Hər şeydən razıyam. Ölkə inkişaf edir. Bildiyiniz kimi, Azərbaycan islam ölkəsidir. Burada müsəlmanlar daha çoxluq təşkil edir. Oyunların fasiləsində müsəlman futbolçular namaz qılıb, Allaha dua edirlər. Təbii ki, bunu Portuqaliya çempionatında da görmüşəm. Ona görə də Azərbaycanda heç nə mənə təəccüblü gəlmir.
- “Vitoriya”dan niyə ayrıldın?
- Ayrılmamışam, “Zirə”yə icarəyə verilmişəm. “Vitoriya”da son mövsüm Portuqaliya çempionatında 14-15 oyun keçirmişdim. Təcrübəmin artması üçün icarəyə göndərmək qərarına gəldilər.
- Portuqaliyada hansı klubu dəstəkləyirsən?
- Öz klubum “Vitoriya” və “Benfika”. Uşaqlıqdan “Benfika”ya qarşı simpatiyam olub.
- Bu il “Benfika” çempion ola bilər?
- Hazırda “Portu”nu 5 xal qabaqlayırlar. Ötən mövsümki uğuru təkrarlamaq mümkündür. Amma mövsmümün başa çatmasına var. İndidən proqnoz vermək doğru olmazdı.
- Mövsümün sonunda “Vitoriya”ya qayıtmaq fikrindəsən?
- Müqavilə mövsümün sonuna qədər qüvvədədir. Bu haqda heç nə deyə bilmərəm.