“Qəbələ”nin futbolçusu Baqali Dabo “France Football” nəşrinə müsahibə verib.
Sportal.az xəbər verir ki, fransalı hücumçu Azərbaycana gəlişindən, komandasının Avropa Liqasındakı çıxışından və digər məqamlardan danışıb.
- “Qəbələ”də adaptasi prosesini necə keçirdiz?
- Əla. “Qəbələ”yə keçən kimi, Avropa Liqasında rəsmi oyuna çıxdım. Halbuki tətildən yeni qayıdıb, cəmi 2 məşq etmişdim. Komandada məni çox yaxşı qarşıladılar.
- İnfrastruktur baxımından klubunuzda vəziyyət necədi?
- “Qəbələ”nin Liqa-1 və Liqa-2 klublarını qısqanmağa ehtiyacı yoxdu. Çünki burda infrastruktur ən yüksək səviyyədədi. Yeganə çatışmazlıq ondan ibarətdi ki, biz Avropa Liqasında oyunlarımızı öz meydanımızda keçirə bilmirik. Həmin görüşlərimiz Bakıda baş tutur.
- Qəbələdə keçirilən oyunlardakı atmosferdən danışardınız...
- Qəbələdə oyun keçiriləndə azarkeşlər üçün bayram olur. Stadiona gəlib, komandanı dəstəkləyirlər. Fikrimcə, avrokubok oyunlarımızı öz meydanımızda keçirsəydik, rəqiblərə daha çox çətinlik yaradardıq. Amma Bakıdakı matçlarda da yaxşı atmosferin şahidi oluruq.
- Komanda yoldaşlarınızla necə ünsiyyət qurursuz?
- “Qəbələ”də qruplaşma yoxdu. Hamı bir-biri ilə ünsiyyət saxlayır. Komandada çoxlu əcnəbilər çıxış edir ki, bu da mənim üçün ünsiyyəti asanlaşdırır.
- Qəbələdə yaşayan futbolçu üçün həyat necə keçir?
- Şəxsən mən orda darıxmıram. Tez-tez televizora baxıram. Amma Qəbələdə məşğul olacaq xüsusi bir şey yoxdu. Buna görə də, “PlayStation” və kompüter mənim yaşayışım üçün kiçik bir vasitədi (gülür). Bakıda isə başqa cürdü. Paytaxtda olanda şəhəri gəzirik, mağazalara gedirik. Son günlər trenajor zalında çox vaxt keçirirəm. Zədəmi sağaltmaqla məşğulam.
- Azərbaycan futbolunun səviyyəsi Fransada oynamış Dabonu qane edirmi?
- 3-4 komanda var ki, Liqa-1-də çıxış edəcək səviyyədədilər. Digərləri isə II və III Liqa komandalarının qarışığıdı.
- Zədələnməmişdən öncə ölkə xaricində ən çox (7) qol vuran fransalı hücumçu idiniz. Yəqin ki, bununla qürur duyurduz?
- Açıq danışsaq, bu, mənim üçün sevindirici haldı. Bəziləri məni “dəfn etməyə” hazırlaşırdılar, artıq unutmuşdular. İndi isə haqqımda daha çox danışırlar. Təbii ki, bu, üzərimdə çalışmağım üçün stimuldu.
- “Qəbələ”də uzun müddət qalmaq niyyətindəsiniz?
- Mən klubla 2 illik müqavilə imzalamışam. Amma siz də bilirsiz ki, futbolda hər şey mümkündü. Əsas odu ki, ambisiyamı itirməyim. Əgər başqa klublardan təklif olsa, düşünə bilərəm. Bəlkə də “Qəbələ” məni sərfəli qiymətə satmaq istəyəcək. İndidən konkret söz deyə bilmərəm. Hazırkı məqamda “Qəbələ”nin futbolçusuyam.
- Fransaya qayıtmaq variantını nəzərdən keçirirsizmi?
- Xeyr (gülür). İndiki məqamda qayıtmağımı real saymıram, özümü Fransada görmürəm. Əgər orda qalsaydım, bəlkə də, heç vaxt Avropa Liqasında çıxış etməzdim. Ayrıldım, çünki karyeramda yeni səhifə açmaq istəyirdim.
- Azərbaycanda yaşadığınız ən unudulmaz xatirə hansıdı?
- “Maribor”la cavab matçı. Həmin oyunda istədiyimiz nəticəyə imza atmaqla, Avroliqanın qrup mərhələsinə vəsiqə əldə etdik. Həqiqətən, gözəl anlar idi. Bakıdakı matçda 3:1 hesablı qələbə qazanmışdıq, mən isə 2 qol vurmuşdum. “Maribor” növbəti mərhələyə adlamaq üçün cavab oyununda 2:0 hesabı ilə qalib gəlməli idi. Onların istəyi həyata keçmədi, 1:0 hesabı qeydə alındı. Son 20 dəqiqə futbolçu karyeramda ən uzun çəkən dəqiqələr idi (gülür). İlk dəfə idi ki, oyunun sonunda yorulmuşdum. Final fitindən sonra hamımız sevinməyə başladıq. Anladım ki, Avropa Liqasının qrup mərhələsinə adlamaqla, uğura imza atdıq. (Apasport.az)