Elxan Abdullayev: "Düzgün istiqamətdə işimizi görürük" MÜSAHİBƏ

19:28 - 5 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Neftçi" - "İnter" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın baş məşqçisi Elxan Abdullayev oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb.

 

- Bu gün maraqlı oyun izlədik. Komandanın oyunundan razı qaldım. 3 xal bizə çox vacib idi. Yerli futbolçulara üstünlük vermişdim, onlar da özlərini doğrultdu.

 

- Açıqlamalarınızda qışda heyətin gücləndiriləcəyini, yeni futbolçuların gələcəyini söyləyirsiz. Düşünmürsüz ki, bu açıqlamalar hazırda komandada olan futbolçulara mənfi təsir edə bilər?
- Yox, niyə? Onun yerinə gəlmir ki... Əlavə gəlir.

 

- Hakimin biabırçı penalti qərarı qələbənizə kölgə salır?
- Ümumiyyətlə hakimlərdən danışmaq istəmirəm.

 

- 90 dəqiqə azarkeşlər Araz Abdullayevə və Rəhman Hacıyevə təzyiq göstərdi. Mahir Şükürova isə dəstək verdilər. Kapitanlıq sarğısını Şükürov daşıya bilərmi?
- Mən bu komandaya gələndə Araz kapitan idi. Bunu komanda seçib. Nə mən, nə də rəhbərlik seçib. Deməli, futbolçular Araza inanır. Mənim kapitan sarğısını Mahirə verməyim düzgün olmaz.
 
- Qələbədən sonra "Neftçi"nin özünə gəldiyini düşünmək olar?
- Bizim üçün hər qələbə önəmlidi. Uşaqlarda özünəinam hissi yaranır. Biz işimizi davam etdiririk. Düzgün istiqamətdə işimizi görürük.

 

- 5 legioneri əvəzedici komandaya göndərdikdən sonra qələbə qazandınız. Qərarı gec verdiyinizə görə peşman deyilsiz?
- Peşman deyiləm. Onlara şans verməsəydim, özüm-özümü qınayardım. Legioneri ilk gündən əvəzedici komandaya göndərmək düzgün çıxmazdı. Hər bir futbolçuya şans verilib.

Xəbər xətti