Nizami Hacıyev Prosineçkiyə səsləndi: "Məni nəyə görə milliyə dəvət etməmisiz?" MÜSAHİBƏ

20:18 - 5 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi” öz meydanında "İnter”i 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "İnter”in kapitanı Nizami Hacıyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Nə bilim vallah. Oyun gözlədiyimiz kimi çətin oldu. İndi qalmaqallı epizoda baxdım, penalti yox idi. Əgər bizi kimsə sındırmaq istəyirsə, arzuları ürəyində qalacaq. Bu, birinci və axırıncı məğlubiyyət idi. Hər oyunda qapımıza 3 penalti versələr, əlbəttə, uduzarıq. Əgər belə dava etsə... Onsuz da Azərbaycan futbolu çöküb, futbol yoxdu ölkədə. Bunu bu dərəcədə etmək lazım deyil. Hakim-inspektorlar bu oyuna baxsınlar və qiymət versinlər. Penalti epizodunu gördünüz? Elə penalti olar? Gəncədə olmayan penaltini verdilər, sonra üzr istədilər. Bu nə vaxta qədər belə davam edəcək? Əgər istəyirlərsə "İnter” sonuncu yerdə getsin, bunu açıq-aşkar desinlər. Yaxşı, əvvəl heyətimizdə çox legioner var idi ona görə bizi sıxırdılar. İndi komandamızda 5 milli komandada oynayan futbolçu var və yenə də sıxmağa davam edirlər.
 
- Belə çıxır ki, kiminsə "İnter”lə şəxsi qərəzliyi var...

- Belə çıxır da... Bunu başqa cür qəbul edə bilmərəm. 
 
- Oyunun gedişi zamanı hakimə dedin ki, birdə belə olsa, komandanı meydandan çıxaracam...
- Əlbəttə çıxaracam. Baş məşqçiyə deyirlər ki, Nizami etiraz edir. Mən komandanın kapitanıyam və etiraz etməyə haqqım var. Bəyəm kapitanı yalandan sarğını əldə saxlamaq üçün seçirlər? Əgər elədisə, kapitan sarğısını ehtiyatda oturan birinə verək. Allaha and olsun ki, biabırçılıqdı. Bundan sonrakı oyunlarda da belə olsa, rəhbərlik səviyyəsinə qədər qalxacağıq. Biz kişi kimi futbol oynayırıq. Bu xalqın düşmənləri deyilik ki... Biz çalışırıq ki, xalqı layiqincə təmsil edək. 
 
- "İnter”ə qarşı ögey münasibəti nədə görürsən?
- Mən indi klubun prezidentinə müraciət etdim. Dedim ki, bu məsələni qaldırın. Hər dəfə belə şeylər bizim başımıza gəlir. Nə qədər hakim səhvi olacaq? Səhv oyun ərzində bir dəfə olar, başa düşərik. Ancaq hakimlər bütün oyun boyu səhv edir, hər bir səhv də bizim əleyhimizə. Dediklərimi yazın və hamı bilsin ki, biz nələr çəkirik. Həyatda hər bir insan səhv edə bilər, ancaq bu qədər yox. Bu hakim layiqincə cəza almasa, futbolumuz daha da çökəcək, ucuzlaşacaq. 
 
- Bir müddət əvvəl zədəli idin və demişdin ki, forma yığandan sonra yığmaya dəvət almasam müəyyən insanlardan hesab tələb edəcəm. İndi formadasan və yenə milliyə dəvət almırsan. Bu haqda fikrini bilmək istərdik...
- Qəliz məsələdi. Əlbəttə, dəvət almadığıma görə təəssüflənirəm. Bəli, sizin sayənizdə baş məşqçiyə səslənirəm və demək istəyirəm ki, məni nəyə görə milliyə dəvət etməmisiz? Futbolçular var ki, əziyyət çəkirlər və millidən kənarda qalırlar. Mənim adımdan ona deyin ki, bir oyunçu əsas heyətdə oynayırsa, kapitandısa, qol vurursa, komandası üçüncü pillədə gedirsə, bu komandanın oyunçusu niyə milli komandaya dəvət almır? Əgər bizimlə eyni küçədə qalsa, özüm ondan soruşaram. Mən kənd uşağıyam və onun kim olduğunun mənə fərqi yoxdu. Məndə elə bir təəssürat yaranır ki, milliyə kimi gəldi dəvət edirlər. 

Xəbər xətti