Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi” öz meydanında "İnter”i 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra "İnter”in kapitanı Nizami Hacıyev jurnalistlərin suallarını cavablandırıb:
- İlk hissəyə yaxşı başlamasaq da, sonradan toparlandıq. Bir neçə qol epizodundan yararlana bilmədik. Erkən qol vursaydıq, hesab başqa cür ola bilərdi. Qapımıza təyin olunan penalti epizodunun təkrarına baxdıq, hakimin qərarı yanlış idi. Biz haqsız məğlub olduq, üç xalımızı kim verəcək? Artıq neçə oyundur ki, qapımıza ədalətsiz penalti təyin olunur. “Kəpəz”lə matçda da belə oldu. Bu səbəbdən də hər şey pisə doğru gedir.
- Qapınıza təyin olunan penaltini oyunun qırılma anı saymaq olarmı?
- Bəli, həmin səhv qərar oyunun taleyini həll etdi.
- İkinci hissədə daha yaxşı oynamağa başladınız. Lakin hesab arasındakı fərqi yalnız son dəqiqələrdə azaltmaq mümkün oldu...
- İkinci hissədə taktiki dəyişiklik etdik, 4-4-2 sxeminə keçdik. Hücumda çoxalıb, daha çox irəli atıldıq. Qolu vurmaqda gecikdik. Daha tez qol vura bilsəydik, ən azından heç-heçə edə bilərdik. Amma artıq oyun bitdi və çox danışmağa gərək yoxdur.
- Oyundan sonra "İnter"in futbolçuları çox aqressiv idi...
- Doğrudur, oyundan sonra futbolçular aqressiv olur. 90 dəqiqə əziyyət çəkirsən, sonda səhvlər nəticəsində məğlub olursan. Hər bir insan əsəbiləşə bilər. Sonradan düşünürsən ki, bu, normal bir haldır.