Tərlan Əhmədov: "Əgər bir də belə hal baş versə, komandadan birdəfəlik uzaqlaşdıracam"

13:50 - 8 Noyabr 2016

AZAL – “Qəbələ” oyunu başladığı kimi də gərgin bitdi. Matçın son dəqiqələrində ev sahiblərinin iki futbolçusu - David Canalidze və Emin Cəfərquliyev arasında söz savaşı baş verdi. Əlverişli imkanı boşa verən gürcü hücumçu komanda yoldaşının sərt qınağına tuş gəldi. Bunun müqabilində həmkarına kobud cavab verən Davidlə Emin arasında münaqişə yarandı. AZAL və "Qəbələ"li futbolçuların müdaxiləsi ilə instident əlbəyaxa davaya çevrilmədən sakitləşdirildi. 

 

Sportal.az xəbər verir ki, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Sportinfo.az-a açıqlamasında bildirib ki, artıq problem xətm olunub: "Mənim Emini meydana buraxmaq fikrim yox idi. Belində ağrıları var, istəyirdim ona istirahət verim. Taqim Novruzov oynamalı idi. Taqim oyun günü səhər gəlib dedi ki, dizim qəfildən şişib, hərəkət etməyə çətinlik çəkirəm.
 
Məcbur qaldım, Eminə dedim ki, kapitansan, komandanı yenə sən meydana çıxart. İynə vurub oynadı. Davidlə mübahisə son dəqiqələrdəki epizoda görə düşdü. David hücumdan qayıdıb zonanı vaxtında bağlamamışdı, Emin də buna hirslənmişdi. Oyundan sonra hər ikisini çağırdım yanıma, barışdırdım. İkisinə də xəbərdarlıq etmişəm, əgər bir də belə hal baş versə, məndən inciməsinlər - komandadan birdəfəlik uzaqlaşdıracam.
 
Ondan sonra qayıtmaq söhbəti də ola bilməz. Dedilər, bir səhvdi, etmişik, olmaz daha. Artıq bütün dünya bilir ki, AZAL-ın imkanı yoxdu, bütün futbolçular çox az maaşa burda oynayır. Bilirsiz necədi, futbolçunun evdə problemi olanda, istədiyi qədər qazanmayanda, nə edirsən et, onu futbola kökləmək çox çətindi. Hər şeyin başında maddiyyat dayanır.
 
Futbolçunu itirmək bir dəqiqənin işidi. Futbolçunu gərək qazanmağı bacarasan. Bəzi dostlarımız iddia edir ki, AZAL-da söyüş söymək adi hal alıb, mən futbolçularımı qışqıra-qışqıra təhqir edirəm. Bu uşaqların hamısı kiçik qardaşımdı. Pis çıxmasın, bunlar bizə, klub rəhbərliyinə görə burdadılar. Kim gəlib, 200-300 manata futbol oynayar? Hər birinin xətri mənə əzizdi.
 
Mən onları həmişə qorumuşam, bundan sonra da qoruyacam. Onları söyməyimi iddia etmək ayıbdı. Mən bu uşaqların hər dərdinə şərikəm, cibimdəki son qəpiyi də onlarla bölüşməyə hazıram. AZAL bu birliyin və mehribançılığın sayəsində hələ yaşayır. Özüm də futbolçu bilmişəm, xasiyyətlərini çox yaxşı bilirəm. Azərbaycanda hansı məşqçilər öz futbolçularını söyür, bunu mən də, adıma yalandan söz çıxaranlar da yaxşı bilir. Onlardan yazmağa cəsarətləri çatmır, gəlib məndən yapışırlar". 

Xəbər xətti