“Xəzər lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov Sportal.az saytına müsahibə verib.
- Milli komandamızdan Şimali İrlandiya ilə oyunda nə gözləyirsiz?
- İstəyirik ki, yığma komandamız səfərdən yaxşı nəticə ilə qayıtsın. Təbii ki, bu, çətin olacaq. 7 xal toplamışıq və bunun ardı gəlməlidir. Futbolçular bu oyunda da özlərini yaxşı tərəfdən göstərməlidirlər. Ümid edirəm ki, yaxşı nəticə əldə edə biləcəyik. Çünki oyunçularda əhval-ruhiyyə yüksəkdir.
- Komandamızın qrupda keçirdiyi 3 oyunu necə qiymətləndirirsiz?
- Rəqiblərimizdən üstün oynayaraq qalib gəldiyimizi söyləyə bilmərəm. Futbolda əsas nəticədir. Tarixə də məhz bu düşür. Xal yığmaq vacibdir. Pis oynayaq, amma xal qazanaq.
- Şimali İrlandiya necə rəqibdir?
- Şimali İrlandiya ilə oyunda da zəif çıxış edək, amma 3 xal qazanaq. Bunu yəqin ki, hamı istəyir. Rəqibimiz son Avropa çempionaında çıxış edib. Düzdür, Şimali İrlandiyanı 3 il əvvəl 2:0 hesabı ilə məğlub etmişik. Son Avropa çempionatında da iştirak etdilər. Artıq həmin komanda deyillər. Xeyli gücləniblər. Fiziki cəhətdən yaxşı təsir bağışlayırlar. Ümid edirəm ki, taktiki futbol güc futboluna qalib gələcək.
- Robert Prosineçki Aərbaycan Premyer Liqasında çıxış edən klubların sayının artırılmasının vacibliyini bildirib...
- Onu nəinki Prosineçki, Azərbaycanın bütün məşqçiləri və mütəxəssisləri deyir. Futbolla maraqlanmayan insandan soruşsaq ki, “8 komandalı çempionat yaxşıdır, yoxsa 16?” Əlbəttə, deyəcək ki, 16. Bunu hamımız deyirik. Halva-halva deməklə ağız şirin olmur. Mən ötən müsahibələrimdə də söyləmişdim ki, 8 komandalı çempionat zəifdir. Bu, istər-istəməz hər bir kluba pis təsir göstərir. Növbəti mövsüm ümid edirəm ki, klubların sayı çox olacaq.
- Hazırda çempionatın səviyyəsinin yaxşı olduğunu söyləyə bilmərik...
- Gərək hər şey stabil olsun. Federasiyadan söyləmişdilər ki, növbəti mövsüm 12 və ya 14 komanda Premyer Liqada çıxış edəcək. Fikrimcə, bunu bu il də etmək mümkün idi. Ən azı, 2 ortabab klubu çempioanta hazırlamaq olardı.
- Hazırda çıxış edən 8 klubdan 3-4-nü çıxmaqla digər komandaların maliyyə vəziyyətinin ürəkaçan olduğunu demək olmaz...
- Çempionatda çıxış edən 8 klubun hamısını eyni səviyyədə etmək mümkün deyil. Bunu istəsək də, edə bilmərik. Məsələn, AZAL-ın prezidentindən tələb edə bilmərik ki, sən klubuna illik 1 milyon deyil, 5 milyon manat ayır. Həmçinin digər klublara da. Bunu heç kimə demək olmaz. Əvvələr çempionatda 16-18 klub mübarizə aparanda da elə olub. Amma maraq çox böyük idi. Stadionlara azarkeşlər gəlirdi. Demirəm ki, bütün komandalar Bakıda olsun. Bunun əleyhinəyəm. Mən bölgələrdə futbolun olmasının tərəfdarıyam. “Kəpəz”in oyunlarına hər tur azı 10-15 min azarkeş gəlir. I Divizionda çıxış edən “Turan Tovuz”un da ev qarşılaşmalarını 6 min fanat izləyir. Regionda futbola maraq böyükdür. Paytaxtda ən diqqət cəlb edən oyuna belə 5-10 min azarkeş gəlmir. Mən hər zaman Federasiyanın iclaslarında və digər yerlərdə qeyd etmişəm ki, regionlarda futbolun inkişafı vacibdir. Bölgələrdə futbolu inkişaf etdirsək, futbolçu da yetişəcək. Əgər növbəti mövsüm çempionata 4 komanda buraxılacaqsa, həmin klublar bölgələri təmsil etsin. Bizim ən güclü hesab etdiyimiz “Qarabağ” və “Qəbələ” səfərdə bölgə klublarına qarşı çətinlik çəkəcəklər. Qələbəni asan şəkildə qazanmayacaqlar. İstərdim ki, çempionatımızda 14-16 komanda çıxış etsin. Bu, ideal olardı.