Yayda "Krılya Sovetov"la müqaviləsini uzatmayan və "Boavişta" ilə anlaşan Emin Mahmudov dövrələrarası fasilədə Portuqaliya klubundan ayrılacaq.
Sportal.az-ın Sportinfo.az-a istinadən verdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçi hazırkı durumundan narazıdı və bu barədə onun "Boavişta"ya transferində vasitəçilik etmiş AFFA rəsmilərini də məlumatlandırıb.
Sentyabrda Azərbaycan millisində debüt edən Mahmudov yeni klubuna Kamran Ağayevdən əvvəl yollansa da, mövsümün geridə qalan hissəsində hələ də şans qazanmayıb. Yığmanın qapıçısından fərqli, o, 1 dəqiqə də olsun Portuqaliya çempionatında oynamayıb.
Bu azmış kimi, son vaxtlar adı ümumiyyətlə iştirak ərizəsinə salınmır. Taleyi ilə barışmayan Emin artıq "Boavişta" rəhbərliyi ilə gələcəyini müzakirə edib. Portuqallar azərbaycanlı legionerini icarəyə verməyə razılaşıb. AFFA rəsmiləri hazırda ona Azərbaycan və Türkiyədə klub axtarır.