Qara Qarayev: "Şimali İrlandiya "hədiyyə komanda" deyil" MÜSAHİBƏ

14:38 - 11 Noyabr 2016

Azərbaycan yığmasının futbolçusu Qara Qarayevin apasport.az saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Şimali İrlandiya ilə qarşılaşacaqsız. Oyundan öncə komandadaxili ab-hava necədi?
- İlk oyunlara baxanda, həqiqətən, bu gün üzərimizdə böyük təzyiq var. Artıq hər kəs Rusiyaya, Moskvaya getməkdən danışır. Düşünürəm ki, bu, bizim ziyanımıza ola bilər. Çünki daha rahat şəkildə oynamalıyıq. Təzyiqi üzərimizdən atmalı və Norveç, Çexiya ilə matçlara hazırlaşdığımız motivasiya ilə bu görüşə köklənməliyik. Həqiqətən, ağır səfər qarşılaşması olacaq.
 
- Norveç və Çexiya ilə oyunlardakı uğurlu nəticələri unudub, tam olaraq bugünkü matça köklənə bilmisiz?
- Əlbəttə. Eyforiyadan söhbət gedə bilməz. Ən çox sevindiyim məqamlardan biri də budu. “Qarabağ” və “Qəbələ”nin futbolçuları daha çətin vəziyyətdədi. O mənada ki, klubda da, millidə də son vaxtlar uğurlu nəticələrə imza atırıq. Çətin dönəmdi. Amma sağ olsunlar, istər məşqçilərimiz, istər dostlarımız, istərsə də özümüz eyforiyaya qapılmamağa, hər şeyin ən yaxşısını etməyə çalışırıq. Hələ ki, heç bir nəticə qazanmamışıq. İnşallah, nəticələrimiz qabaqdadı.
 
- Şimali İrlandiya ilə oyuna hazırlıq prosesində baş məşqçi Robert Prosineçkinin əsas göstərişləri nə oldu?
- Əslində, Bakıda elə də çox yığıla bilmədik. Çünki biz “Zirə” ilə oyundan sonra milliyə qoşulduq. Hazırlıq prosesimizin ən böyük mərhələsini Şimali İrlandiyada keçirdik. Baş məşqçi rəqibin güclü və zəif cəhətlərini bizə başa saldı, tapşırıqlarını verdi.  
 
- DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiya ilə Belfastdakı oyunun (1:1) iştirakçısı olmasanız da, Bakıda (2:0) meydana çıxmışdız. Hazırkı Şimali İrlandiya yığması həmin komandadan nə ilə fərqlənir?
- Sözsüz ki, hazırkı komanda daha güclüdü. Norveç və Çexiyaya baxanda daha atletik futbol oynayırlar. Əsasən də, kənardan edilən hava ötürmələrinə üstünlük verirlər. Başla yaxşı oynayan, çox təhlükəli futbolçuları var. Avropa çempionatında da göründü ki, Şimali İrlandiya “hədiyyə komanda” deyil. Onlara qarşı daha diqqətli oynamalıyıq. Sözsüz ki, şansımızın gətirməsi də önəmlidi.
 
- Bugünkü qarşılaşmanı bizim üçün həlledici hesab etmək olarmı?
- Xeyr, düşünmürəm ki, bu görüş həlledicidi. Çünki qarşıda oyunlarımız var. Hələ ilk dövrə bitməyib, Almaniya ilə də matç olacaq. Amma yaxşı nəticə mənasında, Şimali İrlandiya ilə qarşılaşma da vacibdi. Fikrimcə, 1 xal da bizim üçün böyük uğur sayılacaq. Şimali İrlandiya bizimlə oyuna əvvəlki Azərbaycan yığmasına qarşı hazırlaşdığı kimi yanaşmır. İndi daha ciddi və məsuliyyətli hazırlaşırlar. Çünki son aylarda qazandığımız nəticələri bilirlər.

 

Xəbər xətti