Liberetsdən o yana QEYD

02:00 - 20 Noyabr 2016

Mövsümün əvvəlində o ki var tənqid eləyirdilər “Qarabağ”ı. Nə komanda belə böyük təzyiqlə üzləşmişdi son illər, nə də Qurban Qurbanov bu qədər tənqidlə. Hərçənd, bu mütəxəssisin komandası bir qayda olaraq, (yay təlim-məşq) hazırlıq planına uyğun şəkildə get-gedə artırır və təxminən noyabr aylarında pik səviyyəyə çatır. İndi boylanıb o vaxtdan bu vaxta keçilən yola baxanda, “Qarabağ”da heç bir problemin olmadığını görürük. Hətta bir qədər də uzağa gedib Ağdam klubunun ən yaxşı dönəmlərini yaşadığını da iddia eləmək olar.

 

Avrokubok mövsümünün əvvəlində “Qarabağ”ın aşağı məhsularlığı da qabardılırdı. Maraqlısı odur ki, Qurban Qurbanovun komandası yer aldığı qrupda yeganə komandadı ki, keçirdiyi 4 oyunun hamısında qol vurub.

 

Premyer Liqada “Qəbələ” ilə şərikli liderliyini davam etdirən “Qarabağ” indi bütün diqqətləri “Slovan”la səfər oyununa yönəldib. Amma əvvəlcə Liberetsə qədər uzanan yola nəzər yetirməliyik. “Slovan”la Bakıdakı matç sanki “Viktoriya” ilə oyundakı bəxtsizlik sindromunun davamını xatırladırdı. Mərkəzdən başlayıb qol buraxırıq, qol imkanlarını dəyərləndirməyincə, qapımızda ikinci qolu görürük. Həmin oyunun son saniyələrində Rəşad Sadıqovun vurduğu qol çox kövrəltmişdi Qurban Qurbanovu. Bu daha çox duyğusal məsələ olsa da, zaman göstərdi ki, indi həmin o xalın “Qarabağ”a çox xeyri dəyə bilər.

 

Mənə elə gəlir ki, Qurban Qurbanov üçün ən üzücü an “Fiorentina” ilə səfər oyunu oldu. Yox, 1:5 hesabı ilə uduzduqlarına görə deyil. Ona görə ki, fors-major hadisə (Elvin Yunuszadənin qovulması) olmasaydı, “Qarabağ” oradan heç olmasa 1 xalla qayıda bilərdi. Rəqib qapısının qarşısında bir-birinin ardınca təhlükəli hücumlar təşkil edən “Qarabağ” həmin o qırmızı vərəqəyə qədər çox yaxşı təsir bağışlayırdı.

 

Hadisələrin dönüş nöqtəsi PAOK-la matçlar oldu. Bakıdakı qələbə daha parlaq olsa da, Qurban Qurbanovun əsas “əl işi” Yunanıstandakı matç idi. Niyə? “Fiorentina” ilə səfər matçından fərqli olaraq,  “Qarabağ” bu dəfə hücuma atılmadı. Qol buraxmasaydılar, PAOK hücuma keçmək məcburiyyətində qalacaqdı və müdafiədə boşluqlar verəcəkdi. Hər şey Qurban Qurbanovun kağız üzərində cızdığı kimi oldu. Nəticə - 2 oyuna 6 xal!

 

Əslində, “Slovan” PAOK-dan daha zəif komandadı. Bunu PAOK-un səfərdə “Slovan”a qalib gəldiyinə görə demirəm. Bu, mənim ümumi müşahidələrimin nəticəsidi. Amma futbolda nəticə heç də həmişə məntiqə uyğun olmur. Bu baxımdan “Slovan”la oyunda da PAOK-la matçdakı kimi son dərəcə diqqətli olmalıdı “Qarabağ”ın futbolçuları. Müdafiə üzərinə düşəni etsə, səfərdə mütləq qol vuracağıq. Yeganə təəssüfləndirici məqam zədəli Rəşad Sadıqovun bu oyunda komandaya kömək edə bilməməsidi. Çünki kapitan meydanda olanda müdafiə xəttində yer alanlar özlərini daha rahat hiss edirlər.

 

Bu matçda futbolumuzda ən yeni tarix yazıla bilər. Liberetsdən o yana “play-off”-du, bir neçə il əvvəl çexiyalı hakim Miroslav Zelinkanın əlimizdən aldığı “play-off”. 

 

Emin ABBASOV

Xəbər xətti