"İnter"in yarımmüdafiəçisi Elnur Abdullayev "İnter" - AZAL (3:0) matçından sonra Sportal.az-a müsahibə verib.
- Oyunun çətin keçəcəyini bilirdik. AZAL-ın qələbəsi yox idi. Ona görə də qalib gəlmək istəyirdilər. Lakin matça ciddi hazırlaşdıq və 3 xalı 3 qolla qeyd etdik. Qarşıdakı oyunlara ciddi hazırlaşacağıq. Liderlərdən uzaqlaşmaq istəmirik.
- “Neftçi” ilə oyundan sonra “İnter”də ruh düşkünlüyünün olacağı gözlənilirdi...
- Düzdür, həmin oyunda hakim kobud səhvə yol verdi. Amma komandamız “sınmadı”. Bu komandanı “sındırmaq” asan deyil. Futbolda belə şeylər qaçılmazdır. Hakimlər də insandır. Onları başa düşürük. Amma elə səhvlər var ki, birbaşa nəticəyə təsir göstərir. Çalışacağıq ki, öz oyunumuzu davam etdirək.
- Liderlərdən 5 xal geridəsiz...
- “Qarabağ” və “Qəbələ”də həm yerli, həm də səviyyəli legionerlər var. Onlarla mübarizə aparmaq asan deyil. Lakin biz əlimizdən gələni edirik. Yaxşı başlamışıq və 5 xal böyük fərq deyil. Çempionatda 1 məğlubiyyətimiz var. Çalışacağıq ki, xal fərqini daha da azaldaq.
- Əvəz olunanda sanki narazı idin...
- Qətiyyən. Mən peşəkar futbolçuyam. Meydanda əlimdən gələnin ən yaxşısını edirəm. Əvəzlənəndə isə məşqçiyə etiraz bildirmirəm. Yəqin ki, əvəzlənməyimin də səbəbi olub.
- Əksər vaxtlarda start heyətdə yer almırsan...
- İndi özümü yaxşı hiss edirəm. Məşqçi nə vaxt şans versə, hazıram. Çalışacam ki, komandama faydalı olum. Bir müddət əvvəl zədəli idim. İndi isə hər şey qaydasındadır.