"Qəbələ"nin məşqçisi: "Ani diqqətsizlik məğlubiyyətlə nəticələndi" MÜSAHİBƏ

22:34 - 24 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsində “Qəbələ” evdə “Anderlext”ə 1:3 hesabıyla məğlub oldu.

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçuk cəzalı olduğundan, oyunsonrası mətbuat konfransına komandanın məşqçisi Sənan Qurbanov qatılıb. Qurbanov ilk öncə bunları deyib:

 

- Üzücü oyun oldu. Həm “Sent-Etyen”, həm də bu oyunda uşaqlar yaxşı təsir bağışladılar. Ani diqqətsizlik məğlubiyyətlə nəticələndi. Qarşılaşmadan öncə rəqibin heyətində sürətli futbolçuların olmasıyla bağlı oyunçuları xəbərdar etmişdik. Məncə, uşaqlar yaxşı təsir bağışladılar. Təcrübə topladıqca, daha yaxşı oynayacaqlar.

 

- Sizcə, məğlubiyyətin əsas günahkarı kimdi?
- Mən baş məşqçinin göstərişlərini yerinə yetirirəm. Bu oyunla heç nə bitmir. Məğlub olmaq xoş deyil. Bu məğlubiyyətdən nəticə çıxarmağa çalışacağıq.

 

- Oyundan öncə penaltini Rikardinyonun yerinə yetirməsi tapşırılmışdı?
- Oyundan öncə həm Rikardinyoya, həm də Filip Ozobiçə penalti olacağı halda yerinə yetirmələri tapşırılmışdı. Rikardinyo özünə daha çox inanırdı. İlk penaltini yaxşı yerinə yetirdi. İkinci dəfə isə penaltini qeyri-dəqiq yerinə yetirməsində psixoloji amil də rol oynadı.

 

- Dabonun vəziyyəti necədi?
- Onun topuğunda zədəsi var. Vəziyyətinə tam olaraq sabah aydınlıq gələcək.

Xəbər xətti