Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sumqayıt”ı qəbul edən AZAL oyunun gedişində hesabda önə keçsə də, son dəqiqələrdə penaltidən buraxdığı qolla yenə 3 xala həsrət qaldı.
Sportal.az xəbər verir ki, “təyyarəçilər”in müdafiəçisi Ruslan Əmircanov oyundan sonra Komanda.az-ın əməkdaşının suallarını cavablandırıb.
- Hazırda sonuncu pillədə qərarlaşmışıq. Özümüz də bilirik ki, komanda bu pillədə olmamalıdı. Niyə bu pillədə olduğumuzun cavabını axtarırıq. Elə oyunlar var ki, yaxşı oynasaq da, qalib gələ bilməmişik. Ancaq bizə hazırda yaxşı oynayıb uduzmaq lazım deyil. Biz qələbə qazanmalıyıq. “Sumqayıt”la səfər oyununda da 1:0 hesabıyla öndə olsaq da, sonda heç-heçə oynamışdıq. Yenə eyni nəticə oldu. Düzdü, rəqib bizdən öncə “Neftçi”ni məğlub etmişdi. Ancaq bu oyunda qalib gəlmək şansımız var idi. İlk hissədə rəqibdəki boşluqları görüb bundan istifadə etdik. Buna baxmayaraq, qalib gələ bilmədik. Təcrübə cəhətdən problemimiz yoxdu. Bu oyunda içi mən qarışıq, adi ötürmələri verə bilmədik. Ardıcıl 5-6 ötürmə verə bilmirdik. Demirəm ki, kimsə oyuna hazır deyildi. Oyuna çox yaxşı hazırlaşmışdıq.Qalib gəlmək istəyirdik. Buna görə bir qədər tələsirdik. Tələskənliyimizdən tez-tez top itirirdik. Qol fürsətlərindən də istifadə edə bilmədik. Məncə, qələbəyə biz layiq idik.
- Komanda ilk hissədə hücuma daha çox keçirdi, ancaq ikinci hissədə müdafiə olunmağa başladı...
- Fasilədə Tərlan müəllim (baş məşqçi Tərlan Əhmədov) dedi ki, “nə badə, müdafiədə oturasız”. İkinci hissədə rəqib dəyişiklik edib, hücumu gücləndirdi. Biz hücum etdiyimiz zaman belə, rəqibin 3 hücumçusu - Vaqif Cavadov, Məhəmməd Qurbanov və Mirabdulla Abbasov irəli xətdə dayanır və geri çəkilmirdi. Buna görə, məcburən müdafiəyə diqqət yetirirdik. 3 xal qazanacağımız halda, 2 xal itirdik.
- Rəqib komandalar “AZAL Arena”nın ot örtüyündən şikayətlənirlər...
- Ümumiyyətlə, Avropada demək olar, süni ot örtüyü yoxdu. Ancaq Azərbaycan Premyer Liqasında çıxış edən 8 komandadan 4-nün meydançası süni örtüklüdü. Süni örtüyün də növləri var. Məsələn, “Yanq Boyz” da süni örtükdə oynayır. Amma bu örtüklər təbii qazondan fərqlənmir. Bizdəki süni örtük isə uzun müddətdi dəyişmir. Buna görə istənilən səviyyədə deyil. Bu, zədələrə səbəb olur. Əvvəllər belə zədələr yox idi. Zədəli futbolçunun bu cür meydançada bərpa prosesi də çətin keçir.
- AZAL bu meydançada bir neçə xal qazanıb. Demək olar ki, ot örtüyü AZAL-a daha çox kömək edir?
- Ola bilər, biz bu meydançada çox oynadığımızdan, bir qədər öyrəşmişik. Ancaq burda oynayan cavanlar bunun mənfi nəticəsini gələcəkdə görəcək.
- Komandanın zəif çıxışında maliyyə probleminin nə dərəcədə rolu var? Bildiyim qədəriylə komanda iki aydı maaş almır...
- Maaşı sonuncu dəfə 15 gün əvvəl almışıq. Həmin vaxt sentyabr ayının maaşını aldıq. Biz burda pul üçün oynamırıq. Komandaya mükafat vəd olunub. Qalib gəlsək, mükafat alacağıq. Hamımız meydanda özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq.
- Rəhbərliklə görüşürsüz?
- Hər oyundan sonra Fikrət müəllim gəlir (AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov), maraqlanır. O, bizə həmişə dəstək verir. Komanda udsa da, uduzsa da, öz dəstəyini əsirgəmir. Rəhbərlikdən bizə deyiblər ki, qışda vəziyyət yaxşı olacaq. Yəqin ki, büdcə artırılar.
- Növbəti turda “Neftçi”ylə qarşılaşacaqsız. “Ağ-qaralar” heç də yaxşı günlərini yaşamır. Bu, sizə qalib gəlmək üçün yaxşı fürsət verir...
- Orda nə baş verdiyi bizi maraqlandırmır. Rahat oyun olmur. Bu gün də qalib gəlirdik, ancaq sonda 1 xalla kifayətləndik. Futbol elə oyundu ki, bütün komanda yaxşı oynasa da, bir oyunçunun səhvindən hər şey dəyişə bilər.
- Artıq mütəmadi olaraq oynayırsan. Millinin baş məşqçisi Robert Prosineçkidən dəvət gözləyirsən?
- “İnter”də mütəmadi olaraq oynamırdım. İndi isə oynayıram. Fiziki cəhətdən tam hazıram. Amma oyun cəhətdən 100 faiz hazır deyiləm. Öz oyunumu yaxşılaşdırmalıyam. Klubda özümü nə qədər yaxşı göstərsəm, millinin məşqçilərinin də diqqətini çəkərəm. Əvvəllər milliyə çağırılmışam. Mənim barəmdə məlumatları var. Yığmaya çağırılsam, çıxıb canla-başla kömək edərəm. Millidə mənim mövqeyimdə oynayanlardan özümü zəif saymıram. Rəqabət aparmağa hazıram. Dəvət gəlsə, çalışacam özümü yaxşı tərəfdən göstərim.