"Fiorentina"nın sahibi: "Bakıdakı oyunda azı 1 xal qazanmaq lazımdır"

13:13 - 5 Dekabr 2016

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Fiorentina” İtaliya A Seriyasının 15-ci turunda “Palermo”nu 2:1 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra “bənövşəyilər”in sahibi Andrea Dela Valle açıqlama verib:

 

“Maraqlı və gərgin oyun alındı. Layiqli qələbə qazandıq. “İnter”lə oyunda olduğu kimi hakimlər bizim matçımızı yenə uğursuz bir şəkildə idarə etdilər. İnanıram ki, bu hallar növbəti oyunlarda olmayacaq”.

 

Komandanın sahibi klubun baş məşqçisi Paulo Souza ilə yolları davam etdirmək niyyətində olduqlarını bildirib:

 

“Paulo Souzaya güvənirik və o işini davam etdirəcək. Həmçinin bəzi futbolçulara təkliflər gəlsə belə buraxmaq istəmirik. Qonsalo Rodrigesi özü mənə bildirib ki, karyeramı “Fiorentina”da bitirmək niyyətindəyəm. Federiko Bernardeşinin isə komandamızda uzun müddət qalacağına ümid edirəm”. 

 

Andrea Dela Vella “Fiorentina”nın “Qarabağ”a qarşı keçirəcəyi oyun haqda da danışıb:

 

“Bakıdakı oyunda azı 1 xal qazanmaq lazımdır. Qrupu ilk yerdə tamamlamaq üçün bizim 1 xala ehtiyacımız var. Qrupu lider kimi başa vursaq, bizim üçün yaxşı hesab olunacaq”.

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin VI turunda “Fiorentina” dekabrın 8-i Bakıda “Qarabağ”ın qonağı olacaq.

Xəbər xətti