Tuyqun Nadirov: "Bu adam "Xəzər Lənkəran"ın büdcəsini talayıb"

15:55 - 5 Dekabr 2016

“2011-ci ildən başlayaraq “ Xəzər Lənkəran”ın idarə olunmasına müdaxilələr olunub. “ Yeni inkişaf planı” hazırlayan Alaatdin Aykaç klubun büdcəsinə ciddi ziyanlar vurub”.

 

Sportal.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Tuyqun Nadirov deyib.
 
Fəaliyyətini dayandırmış “Xəzər Lənkəran” klubunun vitse-prezidenti olmuş Nadirov “ağ-yaşıllar”ın çöküşündə Alaatdin Aykaçın rolu olduğunu bildirib: “Son illərdə kifayət qədər böyük vəsait onun tərəfindən mənimsənilib. Təəssüf ki, bu məsələdə ona ölkəmizdən dəstək verən, himayə edən şəxslər olub. Klubun maliyyələşməsinə nəzarət edən Alaatdin Aykaç “Xəzər Lənkəran”ın fəxri prezidentinin inamından sui-istifadə edərək, aldatmaq yolu ilə klub büdcəsini talamaqla yanaşı, onun inkişafına böyük ölçüdə mane olub. Təsadüfi deyil ki, uğurlu nəticələr qazanan mütəxəssislərin zamanında vəsait axınının dayandırılması, öz istədiyi çalışdırıcıları kluba yerləşdirdikdən sonra isə külli miqdarda vəsait xərclənməsi kimi faktlar var. Bura yersiz baş məşqçi dəyişikləri ilə yanaşı, infrastrukturda görülən yarıtmaz təmir və yenidənqurma işləri də daxildi.
 
Nadirov “Xəzər Lənkəran” geri dönəcəkmi” sualına belə cavab verib: “İş olan yerdə qüsurlar həmişə olur və olacaq. “ Xəzər Lənkəran” rəhbərliyi olaraq gördüyümüz müsbət işlər, klub infrastrukturunun qurulması, 2011-ci ilə qədər qazanılan nailiyyətlərlə yanaşı, buraxdığımız səhvləri də qəbul edirik. Ancaq ədalətli olsaq, məhz 2011-ci ilə qədər qazanılan nailiyyətlər, görülən işlər səhvlərimizi sığortalayır. Hazırda aşağı qruplarımız fəaliyyətini davam etdirir. Deyərdim ki, həmişə olduğu kimi, cari mövsümdə də aşağı yaş qrupları uğurla çıxış edirlər. Son olaraq U-17 komandamızın qapıçısı da milli komandanın toplanışına dəvət alıb. Klubun geniş avtobus parkından tutmuş, bazası, stadionuna qədər hər şey yerindədi. Yaxında aldığım məlumata görə, geyim təchizatına görə yaxşı mənada fərqlənən klub məhz “ Xəzər Lənkəran”dı. Əlbəttə ki, bəzi araşdırmalar bitəndən sonra “ Xəzər Lənkəran” dönəcək. Bir neçə gün öncə bazada olan klub prezidenti Mais Mənsimov cari təmir işlərinin bərpası üçün tapşırıqlar verib. Biz Azərbaycan futbolundan birdəfəlik getməmişik. “ Xəzər Lənkəran”ın geri dönməsi üçün münbit şərait, şəffaflıq yaranan kimi, klubumuz dönəcək və buna kimsənin şübhəsi olmasın”.

 

Xəbər xətti