Azərbaycan Premyer Liqasının 22-ci turunda "İnter" doğma meydanda "Sumqayıt"ı qəbul edib.
Sportal.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb. "İnter"in qolkiperi Orxan Sadıqlı oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda fikirlərini bölüşərdin. İlk hissədə bir az üşüyürdün…
- Bəli, bir az üşüyürdüm. Qapıçı elə bir mövqeydir ki, sənə top gələndə hərəkət edirsən və yavaş-yavaş oyuna uyğunlaşırsan. Oyun yaxşı ki, uğurlu alndı. Komanda üçün əlimdən gələni etdim. Yaxşı oynadıq. Növbəti oyunlara hazırlaşacağıq.
- Qapıda dayanmağın nə zaman dəqiqləşdi?
- Səlahət Ağayev millinin düşərgəsindən gələndə ağrıları var idi. 2 gün əvvəldən bilirdim ki, çərçivə mənə həvalə ediləcək.
- “Sumqayıt” qol buraxdıqdan sonra təzyiqi artırmışdı. Düşünmürdün ki, hər an qol buraxa bilərsən?
- Cərimə meydançasında top olanda həmişə qorxursan. Həm avtoqol qeydə alına bilər, həm də rəqib səni cəzalandırmağa müvəffəq olar. Sevinirik ki, səhvsiz oynadıq. “Sumqayıt”ın da şansları oldu, həmçinin bizim də.
- Bu mövsüm sənin meydana çıxdığın oyunlarda “İnter” uduzmayıb…
- Mənlik bir şey yoxdu. Sadəcə, “Xəzər Lənkəran”da qazandığım təcrübənin faydasını görürəm. Ehtiyatda olan qapıçı komandasına lazım olanda kömək etməyi də bacarmalıdır. Hər zaman şansımı gözləyəcəm və əlimdən gələni edəcəm.
- “Xəzər Lənkəran” dağıldıqdan sonra “İnter”ə gəldin. Sabiq klubun kimi “İnter” də dağılmaq təhlükəsi ilə üzləşib…
- … (gülür). Məndən qabaq da bura çox oyunçular gəlib gedib. Dağıdanlar başqasıdı (gülür). “İnter” paytaxtın güclü komandasıdır. Onsuz da Bakı çempionatı gedir. Bütün günü paytaxtdayıq. Ötən iclasda AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. Komanda dağılmyacaq. Amma ola bilər ki, komanda maliyyə cəhətdən gücünü itirsin. Hər şey sponsordan asılıdır. Bu, rəhbərliyin işidir.