Azərbaycan Premyer Liqasının XXII turunda “İnter” öz meydanında “Sumqayıt”ı məğlub edib – 1:0.
Sportal.az xəbər verir ki, oyundan sonra “sabiq bankirlər”in yarımmüdafiəçisi Elnur Abdullayev əməkdaşımızın suallarını cavablandırıb:
- “Qəbələ” ilə oyunda o qədər də yaxşı oynamamışdıq. Bu oyunda məqsədimiz 3 xalı qazanmaq idi. Üçüncü yeri əldən verməmək üçün mütləq qələbə qazanmalı idik. Deyərdim ki, ilk hissədə daha yaxşı oynadıq, nəinki ikinci hissədə. Ola bilər ki, yorğunçuluq və bəzi uşaqların xəstə olması ikinci hissədə zəif oynamağımıza səbəb oldu. Əsas olan 3 xal idi ki, bunu qazandıq.
- “İnter”in futbolçuları daim yorğunluqdan şikayət edirlər. Bu, nədən irəli gəlir?
- Elə şey var ki, psixoloji cəhətdən yorulursan. Deyərdim ki, yeganə komandayıq ki, bu motivasiyada oynayırıq.Baş verən hadisələrə baxmayaraq öz oyunumuzu oynayırıq. Heç bir klubda olmasa da, bu, bizdə var. Uşaqları təbrik edirəm. Bu gün də göstərdik ki, biz komandayıq.
- “Sumqayıt” kimi komandaya qarşı müdafiədən çıxış etdiniz...
- Bu sistem onu tələb edir. İlk hissədə daha çox hücumlar edirdik. İkinci hissədə isə rəqibi əks hücumlarda yaxalamaq istəyirdik.
- Oyun zamanı əsəbi görünürdün. Bunun səbəbi nə idi?
- Ayağım ağradığı üçün bir qədər əsəbləşmişdim. Amma bu, oyunda qaldı. Meydanda baş verənləri oyundan sonra müzakirə etməyi xoşlamıram.
- Komandada maddi durum necədir?
- İki aydı maaş almırdıq. Amma sonuncu maaşları veriblər. Bir ayın maaşı qalıb ki, onun da yaxın günlərdə veriləcəyinə söz verilib.
- Ruslan Abışov gedəndən sonra onun mövqeyində çıxış edirsən. Çətinlik çəkmirsən?
- Ruslan qardaşımızdı. Ruslan olan vaxtı da mən oynayırdım. Hər bir futbolçunun öz stili var. Mən belə oynayıramsa, Ruslan başqa cür oynayır.
- Necə düşünürsən, sən də millimizin baş məşqçisi Robert Prosineçkinin fəlsəfəsindən uzaqsan?
- Mən bu sauala cavab vermək istəmirəm. Hər bir məşqçinin öz oyun stili, bəyəndiyi futbolçular var.
saytlarin hazirlanmasi