.Azərbaycan Premyer Liqasının 22-ci turunda "İnter" doğma meydanda "Sumqayıt"ı qəbul edib.
Sportal.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb. "Sumqayıt"ın müdafiəçisi Rail Məlikov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Ardıcıl 3-cü məğlubiyyət...
- Çox ciddi problemlərimiz var. Problemləri özümüzə aid edirəm. Yəqin ki, çox rahatlaşmışıq. İstəyirik ki, bu uğursuzluqları “Kəpəz”lə oyunda son qoyaq. Tam ciddi hazırlaşmalıyıq.
- Ardıcıl məğlubiyyətləri müzakirə edirsiz?
- Əlbəttə, müzakirə edirik. Öz səhvlərimizdi. Qol buraxandan sonra hesabı bərabərləşdirə bilmədik. Bir qol lazım idi ki, geridönüş edək.
- Buraxılan qolda müdafiənin səhvi nə dərəcədir?
- Tək müdafiə xətti uduzmur. Bütün komanda uduzub.
- 90 dəqiqə ərzində kombinasiyalı hücum təşkil edə bilmədiz. Kənardan da hiss olunur ki, Samir Abasov qışqıranda futbolçular özlərini itirir. Bu oyunda Xəyal Nəcəfov da özünü itirdi...
- Düzgün məşq prosesləri keçirik. Məşqçilər korpusu oyunları düzgün təhlil edir. Xəyal bunu təcrübəsizlikdən edib. Samir Abasov özü də bilir ki, hansı oyunçuya təzyiq edilməlidi. Məşqçilərlə problemimiz yoxdu.
- Klub prezidenti Kamran Quliyev bildirdi ki, ardıcıl məğlubiyyətlərə görə, cəza olacaq. Bu, maddi baxımdan cəza olsa, razılaşarsız?
- Uduzanda komanda şəklində uduzuruq. Kamran müəllimin özündən soruşarsız ki, kimi cəzalandıracaq.
- Əsas ümidinizi “Kəpəz”lə oyuna bağlamısız. Onlar da ümidini sizinlə oyuna saxlayıb. Çünki Gəncə təmsilçisi bu gün qalib gəlib və “Sumqayıt”la xal fərqini azaltmağa çalışacaq.
- Çox gözəl. Baxımlı oyun şahidlik edəcəyik. Kim güclü olsa, qalib gələcək.
- Avropa Liqası söz-söhbəti düşəndən sonra “Sumqayıt” uduzmağa başladı. Bu, oyunçuların fikirlərini yayındırmırdı?
- Bir az məsuliyyətlə yanaşmaq lazımdır. Yaşlı nəsil kimi, görüb gəlmişik. İkiqat həvəslə yanaşmaq lazımdı. Bunu etsələr, həyəcanı yaşaya bilərlər.
- Bu komanda Avropa Liqasına yüksəlsə, nə uğur qazana bilər?
- Ora çıxarıq, fikirləşərik.
- Gec olmayacaq?
- Xeyr, gec olmayacaq.