Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ” öz meydanında AZAL-ı məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın futbolçusu Ağabala Ramazanov jurnalistlərin suallarını cavablandırıb.
- Tam ciddi hazırlaşmışdıq. Sevinirik ki, qalib gəldik.
- Düşünmürsən ki, “Qarabağ”ın oyununda eniş var?
- Deməzdim ki, eniş var. Məncə bu sualı məşqçiyə verməlisiz. Eniş yoxdu. Tam ciddi hazırlaşırıq. Bu oyunda bir neçə qol epizodunu da əldən verdik.
- “Qarabağ”a tam uyğunlaşmısan?
- Bura gələndə çətinlik çəkmədim. Çünki hamını demək olar ki, tanıyırdım. Millidə də birgə oynamışam. Uşaqlığımdan tanıdığım oyunçular da var idi. Belə baxanda çətin olmadı.
- “Qarabağ”la İnter fərqli oyun nümayiş etdirirlər. Sistemə öyrəşmisən?
- “İnter” 5, “Qarabağ” isə 4 müdafiəçi ilə oynayır. Çətinlik çəkmirəm.
- Dani Kintananın boşluğu əsas probelm sayıla bilər?
- Əlbəttə, Kintana önəmli futbolçudur. Onun yoxluğu hiss olunur.
- Qətərlə oyunda milli necə oynamışdı?
- Heç oyunun icmalına mən də baxmamışam (gülür). Ansi Aqolli də bildirmişdi ki, Qətər – Albaniya yoldaşlıq görüşü də elə keçib. Yəni, qapalı şəraitdə. Qolları heç mən də görməmişəm.
- Millimiz martın 26-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya qarşı oynayacaq. Bu barədə fikirlərini necədi?
- Almaniya ilə oyuna tam ciddi hazırlaşacağıq. Asan rəqib deyil.. Dünya çempionlarına qarşı mübarizə aparacağıq. Əl-qolumuzu sallamayacağıq ki, Almaniya bizə 4-5 qol vursun. Əlimizdən gələni edəcəyik.
- Fərdi keyfiyyətlərdən istifadə etməyi sevən oyunçusan. Qarşında isə dünyanın ən güclü müdafiəçiləri olacaq. Onlara qarşı necə oynayacaqsan? Driblinqlərdən istifadə edəcəksən?
- Bizdə elədir ki, hücumçu qabaqda sərbəst olmalıdı. Hər an sərbəst olmalısan. İrəli xətddə sərbəst davranmağı Robert Prosineçki tapşırıb.